Press "Enter" to skip to content

Özbəkistanlı tələbələr arasında oxu müsabiqəsi

Özbəkistanlı tələbələr arasında oxu müsabiqəsi

Son yeniləmə: 1 Aprel 2024 11:53

BAYRAQDAR MEDİA – Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji və Daşkənd Dövlət Şərqşünaslıq universitetlərinin tələbələri arasında “Azərbaycan poeziyasından incilər” adlı oxu müsabiqəsi keçirəcək.

Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, “Azərbaycan və Özbəkistanın əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləri iki qardaş xalq arasında elm, təhsil, mədəniyyət sahəsində bir sıra uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu layihələrin davamı kimi keçiriləcək müsabiqə ortaq tarix, din və mədəniyyətə malik xalqlar arasında mövcud əlaqələrin genişlənməsi, Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği məqsədi daşıyır”.

Sonra xəbərdə bildirilir ki, “oxu nümunələri Azərbaycan dilində təqdim olunmalı, Azərbaycan poeziyasından seçilməli və həcmi üç bənddən az olmamalıdır. Müsabiqədə iştirak etmək istəyənlər oxu nümunələrini videoformatda 2024-cü il mayın 1-dək göndərməlidirlər (info@monitorinqmerkezi.az)”.

Qeyd edək ki, qaliblər Bakıya dəvət olunacaq və Fəxri fərmanlarla təltif ediləcəklər.

Mission News Theme by Compete Themes.