Press "Enter" to skip to content

Müharibə iştirakçıları və şəhid ailələrinə diqqət

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin (SN) müharibə iştirakçıları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Çağrı Mərkəzi” müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, tibbi reabilitasiya xidmətlərinin sistemli yanaşma və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədi ilə yaradılıb. “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədi ilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb”.

Daha sonra xəbərdə bildirilir ki, “fəaliyyət göstərdiyi ötən bir il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 56 min 358 müraciəti cavablandırılıb. Bunlardan 12 min 062 müraciət əsaslı, 44 min 296 isə proaktiv zənglər təşkil edib.

Ötən müddət ərzində Nazirliyin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 1 min 940 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə və müalicə ilə bağlı 1 min 930 müraciət daxil olub. Daxil olan müraciətlərdən SN-nin tabeliyindəki reabilitasiya mərkəzlərinə ümumillikdə 975 müraciət yönləndirilib. Nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 613, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 338 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib”.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Mission News Theme by Compete Themes.