Press "Enter" to skip to content

BMT nümayəndəsi ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalva ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir. Nazir, həmçinin Azərbaycan ilə BMTİP arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sferasında da səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb. T.Musayev çıxışında mart ayında Azərbaycanın paytaxtında XI Qlobal Bakı Forumunun keçirildiyini xatırladıb. Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli münasibətlərin gələcək dinamik inkişafına ümid etdiyini ifadə edib”.

Daha sonra xəbərdə deyilir ki, “səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən A.Rokkasalva son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. O, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində Azərbaycanla BMTİP-nin sıx əməkdaşlığa hazır olduğunu bildirib”.

Görüşdə, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.