Press "Enter" to skip to content

“Heydər Əliyev – Unudulmaz lider” foto-xalça sərgisi

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Aprelin 4-də Bakı Slavyan Universiteti (BSU) və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev – Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimatı keçirilib.

Bu haqda sözügedən Universitetin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev sərginin universitetdə artıq ənənə halını almış növbəti sərgi olduğunu bildirib. Rektor ötən ilin 29 dekabr tarixində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Ulu Öndər Heydər Əliyevin fotolarından ibarət möhtəşəm sərgisinin də məhz BSU-da keçirildiyini diqqətə çatdırıb. O, bu sərginin özəlliyinin onun yalnız texniki olaraq xalça üzərində qurulmağından ibarət olmadığını bildirib. Sərgidə 44 şəklin nümayiş etdirildiyini diqqətə çatdıran A.Nağıyev gənclərin bununla Ulu Öndərin yaratdığı tarixə söykənən milli-mənəvi dəyərlər üzərindən formalaşmış Azərbaycan siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilərək məhz 44 gün ərzində Azərbaycanın uzun bir dövrünün probleminin həll olunmasının mesajını verdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda qazi və şəhid olmuş həmvətənlərə, Müzəffər Ali Baş Komandana Azərbaycan xalqının ömür boyu minnətdar olacağını bildirib. Çıxışının sonunda rektor “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirərərək Birliyə öz minnətdarlığını çatdırıb”.

Sonra xəbərdə bildirilir ki, “millət vəkilləri – Aydın Mirzəzadə, Musa Qasımlı, Vüqar İsgəndərov, həmçinin fəlsəfə elmləri doktoru, Prof. Məmməd Əliyev çıxış edib. Çıxışlarda şəkillərə baxarkən Ulu Öndərin timsalında Azərbaycan xalqının potensialının görüldüyü, bu sərginin eyni zamanda ailə dəyərlərinin sərgisi olduğu bildirilib. Tədbirdə eləcə də gənclərin belə təşəbbüsünün olmasının təqdirəlayiq hal olduğu qeyd olunub”.

Sonda sözügedən İctimai Birliyin sədri Tural Nurməmmədov təşəbbüs haqqında məlumat verərək layihə çərçivəsində 15-dən artıq sərginin keçirildiyini diqqətə çatdırıb.

Sərgi çərçivəsində Ulu Öndər Heydər Əliyevə məxsus müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotolarının əks olunduğu xalçalar nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.