Press "Enter" to skip to content

Güney Azərbaycan: Milləti ayağa qaldırmalıyıq!

Güney Azərbaycan Cümhuriyyət Partiyası

Son yeniləmə: 15 Aprel 2024 09:06

ACP: Babalarımızın tarixən yol verdiyi yanlışlıqları bir daha təkrarlamamalıyıq

BAYRAQDAR MEDİA – Aprelin 14-də İranın İsrailə hərbi təcavüz cəhdi etməsi Güney Azərbaycan türklərini də hərəkətə gətirib. Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Analitik Təhlil və Araşdırma Mərkəzi mövcud durumla bağlı Bəyanat yayıb.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Bəyanat “Dünyanın sayğın dövlətlərinə və uca millətimizə!” sözləri ilə başlayır.

Bəyanatda deyilir: “Artıq hər kəsə məlumdur ki, dünya yönətimi dəyişməyə başlamış və son bir neçə ildə yeni siyasi düzən formalaşmaqdadır. Bu yeni dünya düzəni uğrunda mübarizə yaşadığımız coğrafiyadan da yan keçməməkdədir. Bildiyimiz kimi, yerləşdiyimiz coğrafi mövqenin tutumu və geo-siyasi əhəmiyyəti, yəni şərqlə qərbin kəsişməsində yerləşməsi və zəngin qaynaqlara sahib olması tarixən yaxın və uzaq yabançı qüvvələrin diqqətini vətənimiz Azərbaycana doğru çəkmişdir. Bu qüvvələr isə heç zaman bizim milli maraqlarımızla hesablaşmayıb, hər zaman öz mənfəətləri və istilaçı maraqlarından çıxış ediblər. Bu vəziyyətin yaranmasında başlıca səbəb bizim vahid millət kimi milli güc olaraq öz milli maraqlarımızdan çıxış edə bilməməyimiz, eləcə də bu istiqamətdə açıq hədəflər formalaşdıra bilmədiyimizdən bölgəsəl hərəkətlilikdə zəif durumda olmağımız milli qədərimizin başqaları tərəfindən müəyyən edilməsinə yol açmışdır”.

O da qeyd edilir ki, “eyni zamanda biz millət olaraq bu taleyi Azərbaycanımızın iki yerə bölünməsində və yadelli istilaçı dövlətlərin əlində yüz illərlə əsarətdə qalmasında da görmüşük. Bunun da acı nəticələrini və zillətini millət olaraq yüz illərdir yaşamaqda davam edirik. Biz ACP olaraq düşünürük ki, artıq keçmiş dərslərdən nəticə çıxarmalı, babalarımızın tarixən yol verdiyi yanlışlıqları bir daha təkrarlamamalıyıq”.

“Biz azərbaycanlılar yeni dünya düzəninə keçid dönəmində daha uyğun şəkildə millətimizi ayağa qaldırmalıyıq. Bunun ilk yolu milli oyanış və milli bütövlükdən keçir. İran dövləti və onun başında olan farsçı rejimlər millətimizi yüz illərdir öz mənfəətləri uğrunda hər cür savaşda, bəlada, inqilabda qurban verməkdədir. Həmişə savaşlar dövrü və çətin zamanlarında Azərbaycan türkləri İran dövlət mənsublarının, İrançı zehniyyət sahiblərinin yadlarına düşməkdədir. Bu gün də ortalıq qarışdıqca Azərbaycanlıları qurban vermək üçün İran rejimi bütün siyasi variantlarını işə salacaq, xalqımızı şirin milli vədləri ilə aldatmağa çalışacaqdır. İran rejiminin istənilən bir savaşı Azərbaycan torpaqlarına doğru çəkməyə və millətimizi İran-İraq savaşında olduğu kimi bu savaşlarda yenə qurban verməyə cəhd edəcəyi danılmaz bir reallıqdır. Son 100 ildə bu kimi təhlükələri bu bölgədən sovuşduran biz Azərbaycan türkləri olsaq da bir millət olaraq öz ana torpaqlarımızda milli haqlarımızı bərpa etmək istəyimizə heç vaxt imkan verilməyib. Daim bu sahədə basqı altında əzilməyə məhkum olmuşuq. Hətta çox zaman milli haqlarımızı tələb etdiyimizə görə düşmən elan olunmuşuq. İran adlanan coğrafiyada Azərbaycanlılar döyüşən, çalışan, yaradan, ürətən və becərən bir millət olmasına baxmayaraq, həmişə aldadılan və uduzan bir millətə dönüşmüşdür. Bu səbəbdən bölgədə İran rejimi, İran dövlətçiliyi və İran kimliyi üzərinə böyük güclərin həmləsi və basqısı artdıqca biz də millət olaraq öz yerimizi bəlirləməli və bilməliyik.

“Bu məqsədlə bəyan edirik ki;

1. Millətimiz istər İsrail – İran, istərsə də İran terrorçu rejiminə yönəlmiş digər savaşlara heç bir halda İran terrorçu rejimi ilə birlikdə qatılmayacaq. Güney Azərbaycan İran deyil, bölgəyə gələn savaşın Güney Azərbaycanın sınırlarının xaricində durması üçün dünyanın bütün sivil dövlətləri ilə ortaq mövqedən çıxış edəcəkdir.

2. Güney Azəbaycan Milli Hərəkatı millətlərin “öz taleyini müəyyən etmək” ilkəsi və “İnsanlara hürrüyət, millətlərə istiqlal” devizi ilə coğrafiyamızda yeni dünya düzəninə qatılımçı olacaqdır. İran adlanan ölkədə hər hansı bir savaş baş verəcək olarsa, ACP Azərbaycan milli hərəkatı ilə birlikdə Güney Azərbaycan milli dövlətinin və Cümhuriyyətinin quruluşu və Azərbaycanın tarixi sərhədlərinin çızılması və qorunması üçün sürətlə hərəkətə keçəcək, belə bir halda milli iradəmizə önəm verən hər bir tərəflə milli mənfəətlərimiz çərçivəsində anlaşmaya qatılacaqdır, bu istəyin dışında kimsəyə heç vaxt güzəştə getməyəcəkdir.

3. İranın terror himayədarlığı, yayımçılıq (şovinizm) və işğalçılıq siyasəti nəticəsində bölgəsəl savaş durumu yaranarsa, Güneydə azərbaycanlılar 50 milyonluq azərbaycanlının tək ümid yeri və dövləti olan Azərbaycan Respublikası dövlətinin qərarları ilə hərəkət etmək barədə açıq fikirlə çıxış edəcəkdir.

4. ACP düşünür ki, yüz illərdir millətimizin qanını tökərək insanlarımızı dar ağaclarından ölümə məhkum edən və millətimizi hər bir fürsətdə ən insani və illkin haqlarından və rifahlı yaşamdan məhrum qoyan İran rejiminə qarşı olan və milli mənafeyimizə sayğı göstərən istənilən bölgəsəl güclə ortaq mənfəətlərdən çıxış edilməlidir.

5. Biz Azərbaycan milləti və bütün insanlıq üçün bölgəmizdə və coğrafiyamızda terrora xidmət edən güclərə, nüvə silahlarına və atom bombalarına qarşı olacağıq. İşğala və savaşlara son qoyacaq yeni bir barış yönümlü, ədalətli bir milli dövlətin yapılması əsas hədəfimiz olacaqdır.

6. Yeni dünya düzəni treni bölgəmizdən keçdiyi sürəcdə qırx milyonluq Güney Azərbaycan toplumu ondan kənarda qalmamalı və bu trenin ən sayğın sakinləri olmalıdır. Çünki bölgədə barış, ədalət və bərabərlik yanlız Azərbaycan millətinin azadlığı və istiqlaliyyət ilə mövcud olacaqdır.

7. Biz ACP olaraq Güney Azərbaycan Milli Hərəkatı adına bəyan edirik ki, təbii bir bölgəni kiçik etnik dövlətlərə parçalamaq, yerli olmayan xalqlara vədlər vermək heç bir halda bölgənin istiqrarına fayda gətirməyəcəkdir. Yalnız Güney Azərbaycanda Təbriz mərkəzli qırx milyonluq Azərbaycan Cümhuriyyəti quruluşunu bərpa etməklə coğrafiyamız demokratik dəyərlərə sahiblənməyə və istiqrarına qovuşmaq şansını qazanacaqdır. Bu həm də bölgədə daha sağlıqlı, daha yüksək əmniyyətli və ekonomili gələcəyə bir zəmin yaradacaqdır.

“Bu coğrafiya vahid bir bədəndən ibarətdir. Bu çalışmalar isə bu bədənin bütün bir canlı kimi vahid şəkildə çalışmasına xidmət göstərəcəkdir. Beləliklə Orta Doğu və Güney Qafqaz da gərçək mənada ədalət və barış üzü görəcəkdir”, – deyə bəyanatda daha sonra bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.