Press "Enter" to skip to content

Sabiq səfirdən Ermənistana növbəti xəbərdarlıq

Hulusi Kılıç

Son yeniləmə: 19 Aprel 2024 11:01

Hulusi Kılıç: Batının daimi dostu yox, sadəcə maraqları var

BAYRAQDAR MEDİA – “Bu gün dünya düzənində cərəyan edən proseslər öz müstəqilliyini və gələcəyini düşünən hər bir dövləti ehtiyat tədbirləri görməyə vadar edir. Bunu istər regional, istərsə də qlobal təmayüllü birlik və alyanslar üçün də demək olar. Yəni məqsədi işğalçılıq, hansısa ölkəni, yaxud regionu müharibə hədəfinə çevirmək olmayan, sadəcə xoşməramlı missiya ətrafında formalaşan birliklər bu gün baş verə biləcək mümkün toqquşmalardan kənarda qalmaq üçün addımlar atır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, bu baxımdan Güney Qafqaz regionunda, o cümlədən Türk Dövlətləri Təşkilatı coğrafiyasında atılan addımlar təqdirəlayiqdir: “Mən Türkiyə və Azərbaycanın atdığı birgə addımları nəzərdə tuturam. Bu gün hər kəsə bəllidir ki, Türkiyə və Azərbaycan dağıdıcı deyil, qurucu və sabit, dinc inkişafı nəzərdə tutan siyasətin tərəfdarı, həmçinin bunun təbliğatçısı kimi ortaya gözəl nümunə qoyublar. Bu nümunədən düzgün yararlanmaqla həm Güney Qafqaz, həm də TDT coğrafiyası bütün sahələrdə tərəqqi əldə edə bilər”.

Müsahubimiz deyib ki, bu kontekstdə TDT ilə bağlı kifayət qədər nikbin danışmaq mümkün olsa da, Güney Qafqaz barədə hələ tam əminliklə danışmaq mümkün deyil: “Bunun da əsas səbəbkarı ABŞ başda olmaqla Batının müharibə komandasına daxil olan ölkələr, o cümlədən hələ də qonşu ərazilərinə əl uzatmaq, dil uzatmaq mərəzindən xilas ola bilməyən Ermənistandır. Ümumiyyətlə, hesab edirəm ki, region xaricindəki dövlətlər Güney Qafqazdaki proseslərə qarışmamalıdır, Bölgə dövlətləri bütün məsələləri öz aralarında dialoq yolu ilə həll edə bilərlər və bu mənada Avropa Birliyi və ABŞ kimi güclərin burada hər hənası bir formada iştirakına ehtiyac yoxdur. Mən hələ bunu bir qədər yumşaq formada deyirəm. Halbuki Batının müharibə komandası iştirak deyil, birbaşa müdaxilə yolunu tutublar. Onlar indi də Ermənistanı sürətli şəkildə silahlandırırlar. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin gücləndirilməsi üçün davamlı addımlar atılır. Hər halda Amerika qiymətləndirmə qruplarının Ermənistana göndərilməsi ölkənin KTMT-nin hava hücumundan müdafiə sisteminə davamlı inteqrasiyasını nəzərə almaqla Ermənistanın HHQ və hava hücumundan müdafiəsini yenidən qiymətləndirməyə və yenidən təşkil etməyə yönəlmiş strategiyanın bir hissəsidir. Amma burada vacib bir nüansı da diqqətdən qaçırmaq olmaz. Batının Ermənistanı bu cür sürətlə hərbiləşdirməsi heç də təkcə bu ölkəni Rusiyanın təsiri dairəsindən çıxarmaq məqsədi daşımır. Bu prosesin digər hədəfi də Azərbaycandır. Amma Batı bilməlidir ki, Türkiyə hər an Azərbaycanın yanındadır və Azərbaycana ediləcək hər hansı hücum Türkiyəyə edilmiş hücum sayılacaq”.

H.Kılıç bu gün Batının əlində vasitə olmaq üçün bütün tapşırıqları canla-başla yerinə yetirən Ermənistanın mövcud hakimiyyətinə də xəbərdarlıq edib: “Mən dəfələrlə dediyim sözü yenə təkrar edirəm. Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır. Onlar Batıya çox da arxayın olmasınlar. Ən azı Ukraynanın mövcud durumuna gözucu nəzər salısnlar. Batı Ukraynanı bu gün necə tək qoyubsa, sabah da Ermənistanı tək qoyacaq. Çünki Batının daimi dostu yox, sadəcə maraqları var”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.