Press "Enter" to skip to content

“Ümid nəğməsi” tamaşasının premyerası keçirilib

“Ümid nəğməsi” tamaşası

Son yeniləmə: 21 Aprel 2024 09:28

BAYRAQDAR MEDİA – Aprelin 19-u saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanın premyerası keçirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Tamaşadakı musiqiləri ifa edən isə kamança ifaçısı Əməkdar artist Elnur Mikayılovdur.

Nümayişdən sonra N.M.Kazımov tamaşanın ərsəyə gəlməsi haqqında BAYRAQDAR MEDİA-ya açıqlama verib: “Bizə Özbəkistanda keçiriləcək festivala tamaşa hazırlanması üçün müraciət olundu. Biz də İlqar Fəhmi ilə danışdıq. O, maraqlı ideya verdi və biz əsərin yazılmasını gənc dramaturq Pərviz Seyidliyə həvalə etdik. O da çox sağ olsun, çox qısa müddətdə bu əsəri yazdı. Əslində festivalın şərtlərinə görə əsərdə texnologiyalardan söhbət getməli idi. Sadəcə biz onu daha başqa səviyyələrə qaldırmaq, başqa problemləri də ortaya qoymaq istədik. Bu problemlər sırasında autizm sindromlu uşağı olan ailələrdəki problem, ailədaxili münaqişələr, anlaşılmazlıqlar idi”.

Əməkdar artist Nicat Mir Kazımov
Əməkdar artist Nicat Mir Kazımov

Əməkdar artist səhnə əsərinin toxunduğu mövzulardan da danışıb: “Mənim üçün ən vacib şərtlərdən biri odur ki, azərbaycanlı olaraq biz ailədə həmişə zəifə daha çox diqqət göstəririk, düşünürük ki, biri güclüdürsə, onun diqqətə ehtiyacı yoxdur. Amma insan kimi hər bir kəsin diqqətə, qayğıya, sevgiyə ehtiyacı var. Yəni tamaşada bu məsələlərə toxunmuşuq, bunları göstərməyə çalışmışıq. Dünən tamaşa çox böyük anşlaqla, maraqla keçdi və tamaşaçılarımız razı getdilər. Ümid edirəm ki, tamaşa Özbəkistanda da uğurla nümayiş olunacaq. Aprelin 23-dən 30-dək Özbəkistanda festival davam edəcək. Tamaşaçıları dəvət edirəm biz inşallah Özbəkistandan qayıtdıqdan sonra repertuarı izləsinlər, marağı olanlar gəlib bu tamaşaya baxa bilərlər”.

Bildirək ki, psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.

Qeyd edək ki, tamaşa Özbəkistanın Daşkənd şəhərində keçiriləcək “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları – İT Festivalında nümayiş olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.