Press "Enter" to skip to content

BDU-da beynəlxalq günlə bağlı kitab sərgisi

Sərgi

Son yeniləmə: 23 Aprel 2024 17:16

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “BDU-nun həyətində keçirilən sərgidə ölkənin 30-dək tanınmış nəşriyyatı və kitab mağazası iştirak edir. Sərginin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, bu il ölkənin ən böyük elm, təhsil, mədəniyyət məbədi olan BDU 105 illik yubileyini qeyd edir. Bu münasibətlə qəbul edilən Tədbirlər Planı çərçivəsində il ərzində müxtəlif ictimai, dövlət qurumları ilə birgə layihələr, tədbirlər keçiriləcək. Prorektor “Azərbaycan Nəşriyyatları Assosiasiyası”İctimai Birliyi ilə birgə keçirilən sərginin də bu məqsədə xidmət etdiyini bildirib. Ə. Ağamirzəyev çıxışı zamanı qeyd edib ki, kitab yeganə informasiya daşıyısıdır ki, sistemli, akademik bilik verir, bu baxımdan sərgi tələbələrin böyük marağına səbəb olacaq”.

Sözügedən İctimai Birliyinin sədri Şəmil Sadiq isə kitab sərgilərinin gənclərin oxu mədəniyyətinin və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətini qeyd edib. O bildirib ki, 30-a yaxın nəşriyyatı birləşdirən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” fəaliyyət göstərdiyi 4 il ərzində 20-dək sərgi keçirib. Sərgidə iştirak edən nəşriyyatlar tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutublar. O, sərginin tələbələr tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib.

Qeyd edək ki, sərgi günün sonunadək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.