Press "Enter" to skip to content

“Gizli və aşkar” fərdi sərginin açılışı

Açılış zamanı

BAYRAQDAR MEDİA – Aprelin 24-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub.

Tədbirdə əvvəlcə sözügedən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək M.Mustafayevin yaradıcılığı haqqında söhbət açıb. Hər rəssamın fərdi sərgisi onun yaradıcılığının müxtəlif dövrlərini duymaq, anlamaq üçün bir mesaj olduğunu deyən direktor “Gizli və aşkar” sərgisində rəssamın yaradıcılığındakı gizli məqamların açıqlandığını diqqətə çatdırıb. Ş.Məlikova sərgidə rəssamın həm 1960-cı, 1970-ci illərə aid eskizlərinin, həm indiyədək nümayiş olunmayan fiqurativ əsərlərinin və onun ömrünün son illərində yaratdığı əsərlərinin nümayiş olunduğunu bildirib və sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Xalq rəssamı, Prof. Səlhab Məmmədov bildirib ki, sərgini Azərbaycan rəssamları adından dünyanın hər yerində nümayiş etdirərək bununla Azərbaycanın müasir rəssam sənətinin çox inkişaf etdiyini göstərmək olar.

Ardınca çıxış edən “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli M.Mustafayevin Azərbaycanın avanqard rəngkarlığının ən böyük nümayəndələrindən biri olduğunu diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, bu cür sənət yaratmaq üçün böyük intellektual biliyə, yaradıcılıq potensialına malik olmaq lazımdır. R.Gülməmmədli Azərbaycanda təbliğ olunan təsviri sənət nümunələrinin daha çox realizmlə bağlı olduğunu deyərək Azərbaycan təsviri sənətinin ayrılmaz və çox vacib qolu olan avanqard, abstrakt sənətinin o qədər də təbliğ olunmadığını bildirib. O, bu səbəbdən açılışı keçirilən sərgini bu boşluğu doldurmaq üçün atılan addımlardan birincisi olduğunu qeyd edərək yüksək qiymətləndirib və İncəsənət Muzeyinə təşəkkür edib.

Tədbirdə həmçinin Xalq rəssamı Hüseyn Haqverdiyev çıxış edərək M.Mustafayev ilə bağlı fikirlərini bölüşüb, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda isə M.Mustafayevin oğlu İmad Mustafayev çıxış edib sərgini təşkil edənlərə minnətdarlığını ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.