Press "Enter" to skip to content

Şamaxıda Aİİ-nin maarifləndirmə tədbiri

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədi ilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “bu istiqamətdə İnstitutun növbəti səfəri Şamaxı şəhərinə olub. Şamaxı Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər. Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev tədbir iştirakçılarını salamlayıb, Azərbaycanda mövcud dövlət–din münasibətlərindən bəhs edib. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət–din siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. R.Əliyev Azərbaycan milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, dini maarifləndirmənin əhəmiyyətindən danışarkən cəmiyyətin, xüsusilə gənc nəslin məzhəbçilikdən uzaq, multikutural və tolerant mühitdə yetişməsinin vacibliyinə toxunub”.

Sonra xəbərdə, “Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Şamaxı rayonundan olan abituriyentlərin uğurlarından danışıb. Təhsilin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edən R.Əliyev Prezident İ.Əliyevin, I Vitse-prezident Mehriban Əliyevanın bu sahəyə olan xüsusi diqqət və qayğısına diqqət çəkib. R.Əliyev dinin doğru və düzgün formada öyrənilməsinin vacib olduğunu bildirib, Aİİ-nin dini təhsil sahəsində önəminə diqqət çəkib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev təmsil etdiyi qurumun tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsində yaradılan şərait barədə söhbət açıb” deyə qeyd edilir.

Xəbərdə həmçinin deyilir ki, “Aİİ rektoru, Dos. Aqil Şirinov Azərbaycanda dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xətti hazırda İ.Əliyev uğurla davam etdirir. Rektor vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də nümunəvi ölkəyə çevrilib. Rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verərkən vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir. A.Şirinov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov başda olmaqla rəhbərlik etdiyi kollektivə, eləcə də Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə dərin təşəkkürünü bildirib”.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında da ətraflı danışıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.