Press "Enter" to skip to content

Psixoloqdan autizm haqqında məlumat

Lalə Nəzərova

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova autizm haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “L.Nəzərova autizm haqqında danışaraq qeyd edib ki, autizm və ya autizm spektr pozuntusu (ASP) uşağın ünsiyyətinə və davranışına təsir edən nevroloji inkişaf pozğunluqları kompleksidir, Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur. O qeyd edilən pozuntunun autizm, Asperger sindromu, Rett sindromunu kimi müxtəlif növlərinin olduğunu deyib”.

Psixoloq autizmin əlamətləri haqqında da danışıb: “Uşaqlarda ASP üç yaşınadək müəyyən edilir. Bunlara nitqin inkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyən hərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərini anlamamanı daxil edə bilərik. Həmçinin, bu pozğunluğu olan uşaqlar nadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gec inkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir və yaxud etmir, uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlər və s”.

Daha sonra xəbərdə qeyd edilir ki, “L.Nəzərova onu da əlavə edib ki, autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar əsasən səs-küy, işıq, müəyyən yeməklər, yaxud əşyalara da qeyri-adi reaksiya verə bilərlər. O, eləcə də çox vaxt autizmli uşaqların qeyri-adi qabiliyyətlərə malik olduqlarını vurğulayıb”.

Psixoloq valideynlərə tövsiyələr də verib: “Autizm/İƏDP haqqında nə qədər məlumatlı olsanız, bir o qədər özünüzə və övladınıza kömək edə bilərsiniz. Övladlarınızla qarşılıqlı münasibət yaradarkən və ona nəyisə öyrədərkən, onda müsbət reaksiya və cavab oyatmağa çalışın. Uşaqlarınızın zəif cəhətlərini müəyyən etməyi öyrənməlisiniz ki, onları aradan qaldırmaq mümkün olsun. Təcrübələr göstərir ki, övlad qayğısına qalmaq məsələsində həssas, sevgi dolu, səbirli və intizamlı yanaşmanın çox böyük köməyi olur”.

L.Nəzərova sonda onu da bildirib ki, valideynlər övladlarının bacarıqları və ehtiyaclarını nəzərdə tutan təhsil proqramlarının işlənib hazırlanması üçün erkən müdaxilə üzrə mütəxəssislərlə yanaşı, müəllimlərlə birgə səy göstərməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.