Press "Enter" to skip to content

BDU-nun 105 illik yubileyinə Karyera Festivalı

Festival zamanı

BAYRAQDAR MEDİA – Aprelin 30-da Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyilə BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalının açılışı olub.

Festivalda öncə BDU-nun rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Dos. Elçin Babayev çıxış edərək bu festivalın tələbələr üçün böyük bir fürsət olduğunu diqqətə çatdırıb. Bugünki günün tələbələrin həyatında dönüş nöqtəsi ola biləcəyini qeyd edən rektor onu da əlavə edib ki, tələbələr bu fürsətdən istifadə etməlidirlər. E.Babayev belə festivalların keçirilməsinin önəmindən söz açaraq deyib ki, burada hər iki tərəf, həm təhsil alanlar, həm də işəgötürənlər qazanan tərəf olur. O, Festivalda iştirak edən Azərbaycanın ən tanınmış, nüfuzlu, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərinə, dövlət qurumlarına təşəkkür edib. E.Babayev çıxışının sonunda “Hər bir ali təhsil müəssisəsinin fəxr yeri onun məzunlarıdır” deyərək hər kəsə, əsasən də tələbələrə uğurlar diləyib.

Ardınca çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli BDU-nun Azərbaycanın ən qədim, ən önəmli təhsil ocaqlarından biri olduğunu deyərək Universiteti 105 illik yubileyi münasibəti ilə təbrik edib. M.Abbasbəyli çıxışı zamanı karyera yarmarkalarının məşğulluq istiqamətində gənclərin işlə təmin olunması baxımından önəmli alətlərdən olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, burada işəgötürənlər işaxtaranlarla görüşür və onların gələcək işçi heyətinin formalaşmasında əyani şəkildə tanış olurlar. Sədr həmçinin vurğulayıb ki, belə yarmarkalarda işaxtaranlar işəgötürənlərlə birbaşa ünsiyyət fürsəti əldə edirlər və öz karyeralarının formalaşmasında önəmli istiqamət əldə etmiş olurlar.

Çıxışlardan sonra E.Babayev və M.Abbasbəyli yarmarkaya baxış keçiriblər.

Festivalda iştirak edən tələbələrdən Coğrafiya fakültəsi Coğrafiya müəllimliyi ixtiasının 3-cü kurs tələbəsi Nərgiz Rzayeva Festivalla bağlı BAYRAQDAR MEDİA-ya fikirlərini bölüşüb: “ Mən bu festivala qarşı müsbət hisslər keçirirəm. Çünki bu, bizim dövlət tərəfindən tələbələrimizin müsbət inkişafına yönəlmiş bir festivaldır. Bura bir çox yerdən, bir çox sahədən ixtisaslı insanlar toplaşıb, tələbələrin hər birinə xaricə getmək və ya öz ölkəsində qalaraq özünü inkişaf etdirmək, potensialını ortaya çıxarmaq üçün gözəl seçimlər təqdim edirlər. Biz tələbələr də buna görə həyəcanlıyıq, gözəl hisslər keçiririk, həmçinin bizə çox maraqlıdır. Hətta mən az əvvəl qeydiyyatdan keçdim. Həqiqətən də belə tədbirlərin tez-tez keçirilməsini istəyərdim”.

Bildirək ki, Festivalda Azərbaycanın 105 şirkəti BDU-nun tələbə və məzunlarına 1 min 245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.

Qeyd edək ki, Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir. Tədbirin ikinci günündə müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.

Onu da bildirək ki, Festivala gələnlər özləri ilə CV-lərini götürməlidirlər, CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.

Festival mayın 1-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.