Press "Enter" to skip to content

“Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Xarici İşlər Nazirliyi

Cenevrədə keçirilən iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib

BAYRAQDAR MEDİA – Aprelin 29-da minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, “iclasda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar. Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb. Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb”.

Məlumata görə, tədbirdə Azərbaycandakı mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.