Press "Enter" to skip to content

“Kukland” sərgisinin açılışı

"Kukland"ın açılışı

BAYRAQDAR MEDİA – Aprelin 30-u saat 19:00-da ÇARDAQ art platformasının təşkilatçılığı ilə Müasir İncəsənət Mərkəzində rəssam İlqar Tahirinin “Kukland” adlı fərdi sərgisinin açılışı olub.

Sərgidə incəsənət nümayəndələri, sənətsevərlər, media nümayəndələri, rəssamın yaxınları iştirak edib.

Açılış zamanı tədbirin moderatoru ÇARDAQ art platformasının rəhbəri, rəssam Elşən Karaca qonaqları salamlayıb və sərgi haqqında ümumi məlumat verib.

Ardınca Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev çıxış edərək İ.Tahiri yaradıcılığından söz açıb. O, qeyd edib ki, sərgidəki əsərlər insanı həm düşündürür, həm də güldürür. Sənətşünas “Rəssamlar öz zamanına ayna tutan olmalıdır, indiki dövrdə belə rəssamlarımız azdır” deyərək açılışı keçirilən sərginin əhəmiyyətindən danışıb.

Açılışda digər çıxış edənlər – ÇARDAQ art platformasının üzvləri, tanınmış rəssam Anar Hüseynzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Günel Seyidəhmədli, sənətşünas Mehparə Abbasova rəssamın əsərlərinin diqqət cəlb etdiyini, həmçinin İ.Tahirini müasir incəsənətdə öz sözünü deyən bir rəssam adlandıraraq onu təbrik ediblər, belə sərgilərinin davamlı olmasını diləyiblər.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib, eyni zamanda tanınmış musiqiçi, bəstəkar Anar Bəylər, rəssam, musiqiçi Təranə Vaqifqızı və pianoda Cəlal Səməd müxtəlif musiqi nömrələri təqdim ediblər.

Kukland
Kukland

Sonda İ.Tahiri sərgi ilə bağlı BAYRAQDAR MEDİA-ya açıqlama verib: “Bildirim ki, 1992-ci ildən, yəni institutda oxuduğum zamanlardan rəssam kimi işləməyə başlamışam və yavaş-yavaş indiyə kimi işləyirəm. Onu deyim ki, bir rəsmin ərsəyə gəlmə müddəti elədir ki, o, bir günə də əmələ gələ bilər, bir aya da, həmçinin bir ilə də. Buradakı əsərlər də elədir. Bugünki bu sərginin keçirilmə ideyası, təklifi isə bizim ÇARDAQ art platformasının rəhbəri Elşən Karacanındır. Əslində mənim də sərgi etmək fikrim həmişə vardı. Amma nə vaxt olacağını dəqiqləşdirə bilmirdim, Elşən bir növ bunu tezləşdirdi. Həmçinin sərginin bütün təşkilati işlərini o etdi. Eləcə də ÇARDAQ qrupumuzda Bəhram Xəlilov bədii rəhbərdir. O da bu mərkəzdə bizə yer verdi. Mən onlara, eləcə də sərgiyə gələn hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar”.

Qeyd edək ki, sərgi 1 həftə davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.