Press "Enter" to skip to content

Məktəb öz gəlirlərini xeyriyyə məqsədinə bağışladı

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti layihəsini icra edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.

Bildirilir ki, “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin rəhbəri Kadir Bektaşoğlunun təşəbbüsü və Birliyin ortaq təşkilatçılığı ilə məktəblilər arasında sosial məsuliyyətin aşılanması, sosial problemlərin həllində ictimai iştirakçılığın təbliği və bu sahədə maarifləndirmə istiqamətində mühüm sosial hadisə gerçəkləşib. Birlik daxilində ata himayəsindən məhrum uşaqların ali təhsil almalarına dəstək məqsədi ilə yaradılan “Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində könüllü xanımların hazırladıqları ev təamları, şirniyyatlar, eyni zamanda Birliyin sosial sahibkarlıq layihə məhsullarının məktəbin bufetində satışı keçirilib”.

Daha sonra qeyd edilir ki, “bütün məktəb kollektivinin, müəllimlərin, şagirdlərin şövqlə bu layihədə iştirakı və dəstəyi, yaxşılıq etmənin gözlərdə yaratdığı sevinc və xoşbəxtlik, məktəbin idarə heyətinin, müəllimlərinin xüsusi təşəbbüsü məktəbdə öyrədilən dəyərləri ən gözəl şəkildə əks etdirirdi. Toplanan gəlirlə yanaşı gün ərzində məktəb bufetindən gələn qazanc da müdiriyyət tərəfindən qeyd olunan uşaqların təhsili üçün ianə edilib”.

“Birlik Kadir müəllimə Azərbaycan dövlətçiliyinə, Türkiyə-Azərbaycan qardaşlığına verdiyi hər töhfəsinə görə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan təhsilində belə innovativ rəhbərliyin olması sevindirici hal olmaqla bərabər bizlərə də belə təşəbbüslü məktəblərin açılması və saylarının artması üçün böyük motivasiyadır”, – deyə xəbərdə bildirilir.

Sonda qeyd edilir ki, “Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin bütün kollektivinə mənəvi dəyərlərə sahib ali təhsilli insanların yetişməsi missiyasında Birliyimizə dəstəklərindən dolayı təşəkkür edir, onların dövlət, insanlıq sevgisini qəlblərdə bu şəkildə yansıtmaqla hər kəsi xeyrə şahid edərək sosial məsuliyyətləri ilə örnək olacaqlarına inanır, yeni cığırlar açacaqlarına, digər məktəbləri də xeyirdə yarışa dəvət edəcəklərinə ümid edirik. Orta məktəblərimizin belə təşəbbüsü ali bir niyyətə qapı açmaq, sosial rifah, dövlətçilik ənənələrimizin gücləndirilməsi, gələcəyimiz olan gənclərin sağlam rifahı üçün əvəzsiz bir xidmətdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.