Press "Enter" to skip to content

“Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan ruzigarı – VİDEO

Azərbaycan komandası

BAYRAQDAR MEDİA – Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandası Azərbaycanı layiqincə təmsil edib.

Bu barədə məlumatı sözügedən Federasiyanın mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, “mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplamış, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib. 100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu Əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa edib”.

Məlumata görə, “milli mətbəximizin nümunələrinin təqdim olunduğu və Kral ailəsinin üzvlərinin iştirak etdiyi Azərbaycan naharında ləziz təamlarımız xüsusi rəğbətlə qarşılanıb. Nahar zamanı təmsilçilərimizin təqdim etdikləri şou-kompozisiya böyük maraqla izlənilib. May ayının 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu keçirilib. Dünya atçılığına çövkən oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma komandamızın xeyrinə 6:4 hesabı ilə başa çatıb”.

Vurğulanıb ki, Şou çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, tanınmış heykəltəraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.