Press "Enter" to skip to content

KKTC parlamentinin sədri Azərbaycanda səfərdədir

Bakı səfərinin ilk günündən foto

Zorlu Töre Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi dəvəti ilə TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Bakıya gedib

BAYRAQDAR MEDİA – KKTC-nin Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Azərbaycanda səfərdədir.

KKTC parlamentinin bununla bağlı məlumatında deyilir ki, Z.Töre Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi dəvəti ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclasında iştirak etmək üçün Bakıya gedib.

Məlumata əsasən Zorlu Töre və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisinin KKTC Dostluq Qrupunun sədri Cevanşir Feyziyev, TÜRKPA baş katibi Mehmet Süreyya Er və KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer tərəfindən qarşılanıb: “Z.Töre buradakı çıxışında Azərbaycanda olmaqdan çox xoşbəxt olduğunu və həsrətində olduqları görüşlərdə iştirak edəcəklərini bildirib. Yaxşı təmasların olacağına inandığını ifadə edən Z.Töre qeyd edib ki, gözləntiləri KKTC-nin TÜRKPA-ya tamhüquqlu üzv olmasıdır. Türk dövlətləri ilə əlaqələrin artacağını gözlədiklərini deyən Z.Töre Azərbaycanın bu mənada açar ölkə olduğunu bildirib”.

Bildirilib ki, “Z.Töre bütün Azərbaycan xalqına salamlarını çatdıraraq, “Birliyimiz daha da möhkəmlənəcək” deyib.

Məlumata görə, Milli Məclisinin KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev çıxışında xatırladıb ki, iki ölkənin parlamentlərində dostluq qrupu yaradılandan sonra ilk dəfədir ki, Cümhuriyyət Məclisinin sədri Bakıya gəlir. KKTC parlamentinin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduqlarını bildirən C.Feyziyev iki ölkə parlamentləri arasında əlaqələrin daha da artacağına inandıqlarını qeyd edib.

Z.Törenin rəhbərlik etdiyi nümayəndə heyətinə Ulusal Birlik Partiyasının millət vəkili İzlem Gürçağ Altuğra, Cumhuriyetçi Türk Partiyasının millət vəkili Fide Kürşat və Cumhuriyyət Məclisi özel kalem müdürü İrem Uygun daxildir.

 

 

Mission News Theme by Compete Themes.