Press "Enter" to skip to content

Kuklaçılar Gürcüstanda

Gürcüstanda xatirə şəkli

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrının kollektivi 1-4 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Kuklaçılar teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazanıblar. Onlar 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər”.

Sonra xəbərdə deyilir ki, “bu səfər Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu çərçivəsində reallaşır. 2022-ci ildə imzalanmış bu sənədə əsasən iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub. Memorandumun əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır”.

Xatırladaq ki, Teatr qrupu “Məlikməmməd” tamaşasını həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə göstərərək tamaşaçıları sevindirib.

Mission News Theme by Compete Themes.