Press "Enter" to skip to content

MEK professorun biblioqrafik göstəricisini dərc edib

Biblioqrafik göstərici

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, Prof. Ovsat Bəhram oğlu Abdinovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “göstərici O.Abdinovun həyat və fəaliyyətinin əsas illərini əhatə edir. Buraya alimin elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında fikirləri, habelə kitabları, elmi məqalələri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri daxil edilib. Tanınmış alimin 80 illik yubileyi münasibəti ilə AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, redaktoru Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova və şöbənin əməkdaşı Aygün Əliyevadır”.

Qeyd edək ki, alimin elmi fəaliyyətinin əsas istiqamətləri yüksək enerjili adron-adron, adron-nüvə və proton-proton toqquşmalarında elementar zərrəciklərin və atom nüvələrinin xassələrinin tədqiqinə həsr olunub. O, 600-dən çox məqalənin müəllifi və həmmüəllifi olub, rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanıb.

Professor müxtəlif illərdə Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) pedaqoji fəaliyyətlə məşğul olub, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın tamhüquqlu nümayəndəsinin müavini, İnstitutun Elmi Şurasının, Avropa Nüvə Tədqiqatları Mərkəzinin kollaborasiyasının üzvü, eləcə də qurumun Azərbaycan üzrə koordinatoru olub.

Nəşr Azərbaycanda fizika elmi sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.