Press "Enter" to skip to content

Qədim Zəngəzur Teatrı kastinq elan etdi

Özünə güvənənlər buyursunlar

BAYRAQDAR MEDİA – İyunun 21-i saat 18:00 üçün Qədim Zəngəzur Teatrı kastinq elan edib.

Bu barədə xəbəri sözügedən Teatr sosial media hesabında yayıb.

Xəbərdə deyilir ki, “kastinqdən keçən respondentlər Teatrın peşəkar truppasına qoşulmaq və könüllü işləmək şansı əldə etmiş olacaq”.

Məsələ ilə bağlı BAYRAQDAR MEDİA-nın suallarını sözügedən Teatrın bədii rəhbəri, aktyor, rejissor, dublyaj ustası Ramil Zeynalov cavablandırıb.

R.Zeynalovun sözlərinə görə, kastinqdə peşəkar aktyorlarla yanaşı, istedadlı gənc həvəskarlar, eləcə də azyaşlı uşaqlar iştirak edə biləcək: “Teatrımız ilk addımlarını atır. Yaxın zamanda da ilk tamaşasını professional aktyor heyəti ilə nümayiş etdirdi. Bu Teatrda hər kəs könüllü, təmənnasız çalışır. Növbəti bir il ərzində də belə olacaq. Amma bununla bərabər heyətimizdə gənc, istedadlı, özünə güvənən həvəskarları, o cümlədən peşəkar aktyorları da görmək istərdik. Hazırda kollektiv bir ailə kimi Teatrda baş verən hər bir prosesə həssas yanaşır. Onu özününkü bilərək həlli yolunu axtarır. Bədii rəhbər olaraq istərdim ki, kollektivdə çalışmağa gələn hər kəs də bu cür yanaşsın. Bir çox istedadlı gənclər var ki, bacarıqlarını göstərmək üçün şərait axtarırlar. Budur fürsət. Gəlsinlər kastinqdə istedadlarını göstərsinlər”.

Məlumata görə, münsiflər heyətində Teatrın direktoru Firidun Əliyev, bədii rəhbər Ramil Zeynalov, peşəkar aktyor Mahir Mirişli, teatr və kino rejissoru Leyla Tofiqqızı olacaq.

Mission News Theme by Compete Themes.