BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan bu vəzifəyə gəldikdən sonra ilk dəfə Çinə səfər edib. O, bu səfər çərçivəsində Çin zülmü və işğalı altındakı Doğu Türküstanın Urumçi şəhərinə də gedib.
Hakan Fidan özünün sosial media hesabında bununla bağlı paylaşım edib.
“Uzun illərdir Türk İslam mədəniyyətinin quruluşuna qatqı verən çox sayda tarixi şəhəri ziyarət etmə fürsətim oldu. Məvarənnəhr və Fərqanə vadisinin şəhərlərini, tarixi Xorasan yaşayış məskənlərini və digər coğrafiyalardakı Səlcuqlu şəhərlərini görmə imkanı tapdım. Urumçi və Qaşqar içimdə daim boşluq olaraq qalmışdı. Nəhayət Çindəki təmaslarım vasitəsi ilə bu iki qədim şəhəri də ziyarət etdim. “Kitabın adını “Kutadgu Bilig” qoydum. Oxuyana qutlu olsun və ona yol göstərsin. Mən sözümü söylədim və kitabı yazdım. Bu kitab uzanıb hər iki dünyanı tutan bir əldir” deyə tanımladığı ünlü əsərin müəllifi, böyük alim Yusuf Xas Xacibin əziz ruhuna Fatihə oxudum. Allah bütün alimlərimizə rəhmət eyləsin”, – deyə Hakan Fidan yazıb.
Nazirin Çin səfəri, özəlliklə də işğal altındakı Doğu Türküstana getməsi dünyanın hər tərəfində maraqla qarşılanıb. Ona görə də onun ən adi davranışından tutmuş geyiminə qədər hər şeydə bir məna axtaranlar az deyil. Bu baxımdan Hakan Fidanın Urumçi səfəri zamanı taxdığı qalstukun Doğu Türküstan bayrağının rəngində olması ayrıca müzakirə edilir. Türk dünyasında bunu Türkiyəli nazirin sətiraltı mesajı kimi qəbul ediblər. Yəni Hakan Fidan bu yolla uyğurlarla həmrəylik nümayiş etdirdiyini nəzərə çarpdırıb.
Qeyd edək ki, ərazisi 1,8 milyon kvadrat km, əhalisi ən azı 20 milyon nəfər olan Doğu Türküstan 20-ci yüzildə iki dəfə müstəqil dövlət qursa da hər dəfəsində Sovet Rusiyasının köməyi ilə Çinin işğalına məruz qalıb. Çin isə uyğurları milli kökdən qoparmaq üçün bəzən ağlagəlməz yöntəmlər tətbiq edir, türk kimliyini silib atmağa çalışır. Bu baxımdan Türkiyə xarici işlər nazirinin bölgəyə səfəri əlamətdardır. Yaxşı olardı ki, bunun ardınca Azərbaycan və digər türk dövlətlərinin rəsmiləri də Doğu Türküstana səfər etsin, oradakı türklərin sahibsiz olmadığını Çinə və dünyaya göstərsin.
Yeri gəlmişkən, müsəlman həmrəyliyi gerçək bir şey olsaydı, islam ölkələrinin də bölgəyə diqqətini arzu edərdik. Amma bu məsələ bir az təhlükəlidir. Çünki ötən il İranın Prezidenti İbrahim Rəisi (artıq qəzada həlak olmuş), eyni zamanda Fələstin muxtariyyətinin Prezidenti Mahmud Abbas Çinə etdikləri səfərin ardından nəinki müsəlman uyğurlara sahib çıxdılar, əksinə onları terrorçu adlandıraraq Çin zülmünün yanında yer aldılar. O baxımdan uyğurlarla bağlı müsəlmanların deyil, elə türk dövlətlərinin hərəkətlənməsini arzu etmək daha doğru olardı…





