Press "Enter" to skip to content

Azərbaycan alimləri Türkiyədə vacib tibb toplantısında

Xatirə şəkli

BAYRAQDAR MEDİA – 5-8 sentyabrda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Türkmənistanın, elmi müəssisə və təşkilatlarından, universitetlərindən tibb üzrə alim və mütəxəssislərin iştirakı ilə Türkiyənin Yeditepe Universitetində Türk Dövlətlərinin I Tibb Konqresi və II Beynəlxalq Tibb Forumu keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Pediatrlar Assosiasiyasından (APA) daxil olub.

Xəbərdə deyilir ki, “Konqresdə Azərbaycanı APA-nın üzvü olan alimlər, eləcə də Azərbaycandan olan tibb sahələri üzrə digər ictimai birliklər təmsil edib. Azərbaycan nümayəndə heyətində təmsil olunan APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə konqresdə bölmə rəhbəri kimi iştirak edib, uşaqlarda brusellyoz, xəstəliyin ağırlaşması, diaqnoz və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Eyni zamanda, APA-nın üzvləri – Nailə Məmmədova, Səyyarə Hüseynova, Fəxriyyə Tağıyeva, Yeganə Qasımova və başqalarının Azərbaycan əhalisinin molekulyar genetik xüsusiyyətləri, yeni doğulmuşlarda sıx rast gəlinən xəstəliklər və xərçəng xəstəliyi ilə bağlı məruzələri və təqdimatları olub. T.Tağı-zadə bildirib ki, uşaqlarda xəstəlik törədən ən çox yayılmış zoonoz infeksiyası olan brusellyoz əvvəllər endemik xəstəlik hesab edilirdisə, hazırda beynəlxalq turizmin və miqrasiyanın sürətli inkişafı ilə əlaqədar bu xəstəliyin də geniş yayılması dünya səhiyyəsinin prioritetinə çevrilib. Qeyd edilib ki, brusellyoz xəstəliyinin əlamətləri çox müxtəlif olduğundan və bu əlamətlərin heç biri diaqnozu təsdiqləmək üçün kifayət qədər spesifik olmadığından xəstəliyin vaxtında aşkarlanması və düzgün diaqnostikasında çətinliklər yaradır”.

Daha sonra xəbərdə, “təqdim olunan məruzədə brusellyoz xəstəliyinə tutulmuş uşaqlarda düzgün diaqnozun qoyulmasında gecikmə halları və bu məsələdə yol verilən səhvlərin araşdırılmasından bəhs edilib. Tədbirdə tibb elminin ümumi sahələrində son yeniliklər və tədqiqatlar müzakirə olunub. Sessiyalar və müzakirələr iştirakçılara həm nəzəri, həm də praktiki cəhətdən öz bilik və təcrübələrini fəal şəkildə bölüşmək imkanı yaradıb” deyə bildirilir.

Qeyd edək ki, Konqresin digər məqsədi gələcəyə doğru addımlar atmaq və iştirakçı ölkələrin səhiyyə sistemlərində qarşıya çıxan ortaq problemlərin həllinə töhfələr verməkdir. Bu baxımdan bütün iştirakçılar, xüsusən də gənc alimlər arasında tanışlıq və təcrübə mübadiləsi, sağlamlıq problemləri ilə bağlı birgə elmi araşdırmaların və layihələrin hazırlanması məqsədləri son dərəcə əhəmiyyətlidir.

Mission News Theme by Compete Themes.