BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı fəal məhkəmədə fars dilində ifadə verməkdən imtina edib. Hakim tərcüməçidən istifadə etməyə məcbur olub.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Bildirilir ki, sentyabrın 8-də Güney Azərbaycanlı milli fəallar Murtaza Pərvin, Səid Minayi və Aydın Məhəmmədinin məhkəmə iclası keçirilib. Hazırda Tehrandakı bədnam Evin zindanında saxlanılan Murtaza Məhəmmədi və müvəqqəti olaraq zaminə buraxılan digər iki güneyli fəal Səid Minayi və Aydın Məhəmmədinin məhkəmə iclası qəddarlığı ilə tanınan hakim Abbas Səlavatinin sədrliyi ilə keçirilib.
Bildirilir ki, fəallara qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və sövdələşmək” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürülüb. Həbsdə olan Murtaza Pərvinin bəzi ittihamlardan bəraət aldığı, eyni zamanda başqa cinayətlərdə də günahlandırıldığı vurğulanıb.
Qeyd olunub ki, Murtaza Pərvin müdafiə çıxışını türk dilində edib və qəddar hakim tərcüməçidən istifadə etməyə məcbur olub.





