Press "Enter" to skip to content

Pakistanın Azərbaycandakı səfiri ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Q.Mohiuddini Pakistanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib.Öz çıxışında T.Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq nümunəvidir. T.Musayev dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusən vurğulayıb. Səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan T.Musayev qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. O, həmçinin Azərbaycan Tibb Universiteti (ATU) ilə Pakistanın Rifah Beynəlxalq Universiteti arasında fəal əməkdaşlığın mövcud olduğunu vurğulayaraq bildirib ki, ötən ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfrans keçirilib. Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib”.

Daha sonra xəbərdə, “öz növbəsində Q.Mohiuddin vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. Səfir hazırda onlarla pakistanlı tələbənin ATU-da ali təhsil aldığını diqqətə çatdırıb. Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinin perspektivləri müzakirə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.