Press "Enter" to skip to content

Qardaş ölkə başçısından İlham Əliyevə zəng

Qasım-Jomart Toqayev və İlham Əliyev

BAYRAQDAR MEDİA – Sentyabrın 9-da qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, “Qazaxıstan Prezidenti, ilk növbədə, ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb”.

İlham Əliyev təbriklərə görə minnətdarlıq edib.

Qasım-Jomart Toqayev Orta Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Prezidentinin iştirakını xüsusi qeyd edib.

Prezident İlham Əliyev sözügedən görüşə dəvətə görə minnətdarlıq edib.

“Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti, öz növbəsində, Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Eyni zamanda “bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub”.

O da bildirilir ki, “tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar”.

“Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

“Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

“Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”.

Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.