BAYRAQDAR MEDİA – X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən böyük türkmən şairi Məhdimqulu Fəraqinin Azərbaycan və türkmən dillərində nəşr olunan “Aşiq olmuşam” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fondun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbiri giriş sözü ilə açan Fondun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq böyük şair M.Fəraqinin 300 illik yubileyinin bu il Türk dünyasının ayrılmaz parçası olan Türkmənistanda, türk ölkələrində və bütün dünyada UNESCO tərəfindən geniş şəkildə qeyd olunduğunu bildirib. A.Raimkulova M.Fəraqinin şeirlərinin türkmən ədəbiyyatının incisi olduğunu qeyd edərək, şairin əsərlərinin həm türkmən, həm də dünya ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. O, eyni zamanda, bu cür tədbirlərin ədəbiyyatın və mədəni irsin tanınmasına və yayılmasına töhfə verdiyini bildirib”.
Daha sonra xəbərdə, “Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmemet Elyasov şairin yaradıcılığının türkmən mədəniyyətindəki rolundan danışıb. Səfir Türkmənistan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin daha da gücləndirilməsi istiqamətində Fond tərəfindən layihənin həyata keçirilməsini yüksək qiymətləndirib. Təqdimat mərasimində tanınmış Azərbaycanlı şair Fərid Hüseyn, Azərbaycan və türkmən xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistanın qızıl medalına layiq görülmüş türkoloq alim Firuzə Ağayeva, filoloq alim İsmixan Osmanlı çıxış edərək Türk Dünyasının M.Fəraqi kimi ustadlarının yaradıcılığının araşdırılması və tanıdılmasının əhəmiyyətindən, eləcə də bu sahədə, türk dövlətləri arasında mədəni əlaqələrin inkişafında Fondun körpü rolu oynadığını qeyd ediblər” deyə qeyd edilir.
Tədbirdə ədəbiyyatşünaslar, şairin pərəstişkarları, jurnalistlər və s. iştirak ediblər.
Tədbir, böyük şairin 300 illik yubileyinin geniş miqyasda qeyd olunmasına töhfə verməklə yanaşı, eyni zamanda türk xalqları arasındakı mənəvi və mədəni bağları gücləndirmək üçün atılan önəmli bir addım olub.









