Press "Enter" to skip to content

Gürcüstan olayları və Azərbaycanın haqlı strategiyası

Azər Həsrət

BAYRAQDAR MEDİA – Qonşu Gürcüstanda baş verənlər bir daha göstərir ki, Azərbaycan qlobal səviyyədə tənqidlərə və basqılara baxmayaraq daxildə gerçəkləşdirdiyi tənzimləmələrdə haqlıdır. Biz bunun belə olduğunu illərdir deyirik, deyəcəyik. Amma bir qrup – zümrə var ki, onlar bunu demokratiyanın boğulması kimi qələmə verib ictimai rəyi çaşdırmaq istəyirlər.

Gürcüstan indi odla su arasında qalıb. Bir tərəfdə Qərb, digər tərəfdə də Rusiya öz təsirini göstərir. Yəni Gürcüstan xalqının və dövlətinin iradəsi arxa plandadır. Faciədir bu, faciə. Bir millət və onun dövləti öz taleyini özü həll edə bilmirsə, yaxud ona bunun üçün imkan verilmirsə, böyük faciədir.

İfadə azadlığı, azad seçim və daha nələr Gürcüstanı indiki xaosa sürükləyib illərdir. Biz demirik ki, seçki azad olmasın, yaxud da ifadə azadlığı olmasın. Əlbəttə olsun. Hər bir xalq bütün azadlıqlara malik olsun. Amma qədərində, yerində, milli maraqlara, dövlət güvənliyinə zərər verməyəcək həddə.

Qonşu və Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olan Gürcüstan, təəssüf ki, bu məsələlərdə kələfin ucunu çoxdan itirib. Düzdür, bir neçə il öncə toparlanmağa, nəzarəti bərpa etməyə çalışdılar. Lakin alınmadı, alına da bilməzdi. Çünki illərdir bu ölkədə məlum dağıdıcı qüvvələr kök salır, salmağa davam edir. Hətta Azərbaycanı içəridən qurd kimi gəmirmək istəyənlər də bu qonşu ölkədə, onun paytaxtı Tiflisdə özlərinə rahat “sığınacaq” tapırdılar…

Azərbaycanı da hədəf alırdılar…

Bəllidir niyə belə olduğu. Qərb birmənalı olaraq Güney Qafqazda tam nəzarəti ələ keçirmək üçün Gürcüstandan illər uzunu platsdarm kimi istifadə elədi. Biz yaxşı xatırlayırıq ki, Azərbaycanda bənzər ssenariləri gerçəkləşdirmək üçün hərəkətlər və alayarımçıq hərəkatlar oldu. Amma dövlət, eyni zamanda öz dövləti ilə iç-içə olan xalq onlara keçid və aman vermədi.

Biz illərdir belə davam edirik. Yadımdadır, ilk başlanğıcda ölkə içində bir zümrə belə yanaşmanı demokratiyanın boğulması kimi dəyərləndirdi. Ancaq bizim kimi insanlar bunun mahiyyətini vaxtında yaxşı dərk etdiyimiz üçün sinəmizi onların qabağına verdik, dövlətimizin strateji kursunu dəstəklədik.

Düz də etdik. Bu proseslər Azərbaycanı ən vacib məsələlərin həllində əl-ayağa dolaşa biləcək zərərli ünsürlərdən təmizlədi. Düzdür, az da olsa gözə dəydilər, amma o qədər zəif, aciz duruma düşürülmüşdülər ki, bir zərər verə bilmədilər.

Nəticə nə oldu bəs?

Nəticə o oldu ki, xalq və dövlət, onun Ali Baş Komandanı İlham Əliyev bir yumruq kimi birləşib – bütövləşib 2020-ci ilin 27 sentyabr – 10 noyabr aralığında, cəmi 44 günə 10 illərdir düşmən tapdağında qalan torpaqları azad etdi. Həmin günlərdə dünyaya elə bir humanitar və humanist müharibə örnəyi sərgilədik ki, Batı da, Doğu da, Güney də, Quzey də çaşıb qaldı. O Vətən savaşımız öyrənilmək, təhlil edilib tətbiq olunmaq üçün indi dünya ölkələrinin dərsliklərinə yazılıb.

Zərərli ünsürlər bu böyük – danılmaz qələbənin ardından bir müddət bir balaca səngimiş kimi görünsələr də yenidən düyməyə basıldı, yenidən hərəkətləndilər. Ki, Azərbaycanı, onun Müzəffər Ali Baş Komandanını gözdən salsınlar. Vaxt oldu, “bəs Xankəndi harada qaldı”, “Bəs Xocalı harada qaldı” deyib dövlətin, onun rəhbərinin üzərinə gəldilər. Utanmadan, həyasızcasına etdilər bunu. Hələ onu da irad tutdular ki, İlham Əliyev yenidən rus qoşunlarını Azərbaycana gətirdi, ruslar buradan heç vaxt getməyəcək!

İlham Əliyev isə onları, onların arxasındakı ağalarını və bütün dünyanı yenidən təəccübləndirdi. Heç bir sutka çəkməyən əməliyyatla Xankəndi də daxil olmaqla bölücü-terrorçuların nəzarətində olan bütün torpaqlar tərtəmiz təmizləndi. O qədər təmiz ki, artıq aradan heç bir il keçməmiş orada Qarabağ Universiteti belə fəaliyyətə başladı. Hələ rus sülhməramlılarının vaxtından il yarım əvvəl Qarabağdan çıxarılmasını demirəm…

Bu və bənzər misalları çox çəkə bilərik. Lakin məqsədimiz misalların sayını artırmaq deyil. Əsas məqsədimiz odur ki, Azərbaycanın bir vaxtlar başlatdığı vətəndaş cəmiyyəti, media və siyasi müstəvidəki zərərli təsirlərdən təmizləmə hərəkatının nəyə gətirib çıxardığını göstərək. Yəni bir dövlətin iç güvənliyi, xalq-dövlət birliyi o qədər möhkəm olmalıdır ki, bir həmlə ilə hətta işğal altındakı torpaqları da azad edə biləsən.

Gürcüstan yaxşı örnəyi vaxtında tətbiq edə bilmədi…

Gürcüstanda durum necədir? Təəssüf ki, məhz o zərərli hərəkatların sayəsində xalq-dövlət birliyi illərdir təmin edilə bilmir. Dövlətin bütünlükdə xalqın faydası üçün atdığı addımlar sabotaj edilir, gözdən salınır, kütlənin dağıdıcı ovqatı körükləndirilirdi. Nəticə də son günlər baş verənlərdir.

Halbuki Gürcüstan da Azərbaycan kimi daha təmkinli siyasət yürüdə və ən azından Rusiyanın işğalı altında olan Abxaziyanı, Güney Osetiyanı yenidən öz ağuşuna ala bilərdi. Amma “demokratiya və insan haqları aşiqləri” – böyük Qərb bunu büsbütün gözardı edir və gürcü xalqını daha “xoşbəxt” gələcəyə daşımağa çalışır…

Bunu Gürcüstanda bir dəfə də etmişdilər. Mixeil Saakaşvilinin prezidentliyi dönəmində Gürcüstan xalqını inandırmışdılar ki, Rusiya ilə döş-döşə gələ bilər və qalib olmağı bacarar. Nəticəsi də o olmuşdu ki, rus tankları Tiflisin 30 km-liyinə gəlib çıxmışdı. Gürcüstana dəstək verdiyini iddia edən Qərb isə sadəcə bəzi liderlərini Tiflisdəki mitinqlərə göndərməklə məsələni bağlamışdı. Yəni nə silah, nə canlı qüvvə göndərməyən Qərb Gürcüstanı Rusiya ilə təkbaşına – üz-üzə qoyub aradan sivişmişdi.

İndi də elə etmək istəyirlər. Amma hakimiyyətdəki siyasi qüvvə o səhvi təkrarlamamaq üçün çalışır. Di gəl ki, hakimiyyətdə olmayan, QHT və media müstəvisində yetərincə dərinə işləmiş əleyhdarlar da boş durmur, neçə gündür ölkəni çalxalayırlar…

Nə olacaq Gürcüstanın halı? Gözləyək, görərik. Yenə də deyirik ki, burada baş verən hadisələr Azərbaycanın bir çox məsələlərdə nə qədər ayıq və haqlı davrandığını növbəti dəfə göstərir. Diqqətli olaq, özümüzün deyil, özgələrinin səhvlərindən öyrənməyə davam edək…

Mission News Theme by Compete Themes.