Press "Enter" to skip to content

Heç bir dövlət üstümüzə “qeyd-şərtsiz”lə gələ bilməz! – VİDEO

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Kaş belə bir durum olmayaydı, kaş belə bir yazı yazmalı olmayaydım. Çünki artıq 30 ildir ki, mediadayam. Eyni zamanda ondan da uzun müddətdir ki, vətəndaş cəmiyyətində – siyasi proseslərdəyəm. Müstəqil Azərbaycanın tarixində elə bir mərhələ yoxdur ki, mən orada iştirak etməyim.

Keçmişimlə, bu günümlə fəxr edirəm. Əminəm ki, eyni dərəcədə gələcəyimlə də fəxr edəcəyəm.

Həmişə dürüstlüyümü qorumuşam, haqlının yanında olmuşam. Birmənalı olaraq dövlətimə sədaqətimi qorumuşam, bundan heç nəyin qarşılığında vaz keçməmişəm.

Belə yaşamaq, işləmək asan olubmu? Əlbəttə yox. Çünki haqqı, dürüstlüyü, sədaqəti sevənlərlə bərabər sevməyənlər də az deyil. Amma yenə də yolumdan çəkilməmişəm, çəkilmərəm də.

Qoy məni tənqid etsinlər, lap daşa bassınlar, dövlətimin, millətimin faydasına olan çalışmalarımdan bir addım da geri atmamışam, atan da deyiləm!

Mən də Qərb qurumları ilə işləmişəm…

Bilənlər bilir, bilməyənlər üçün yazıram: uzun illər həm də Qərbin müxtəlif qurumları ilə iş birliyim olub (indi də əlaqələrim var). Ən yüksək tribunalarda çıxış etmişəm, ən ali dövlət adamları, dünyanın sayılıb-seçilən şəxsləri ilə görüşmüşəm. Azərbaycanda və dünyada demokratiya, insan haqları uğrunda mübarizə aparmışam, aparıram.

Amma bütün bunlarla bərabər hər zaman milli-dövlət maraqlarımı üstün tutmuşam!

Elə bu səbəbdən bir sıra dövlətlərə və zərərli mərkəzlərə bağlı qurumlar mənimlə iş birliyindən yavaş-yavaş yayınıblar. Buna görə heç vaxt kədərlənməmişəm. Hətta sevinmişəm ki, məndən öz dövlətimə qarşı istifadə edə bilməyiblər, bilməzlər də!

Bir az uzun giriş oldu, indi də əsas mövzuya gəlirəm…

Son günlər də bəzi jurnalistlər, hüquq müdafiəçilərinin həbs edilməsi xəbərləri yayılıb. Dərhal da ABŞ Dövlət departamenti, bir sıra beynəlxalq insan haqları qurumları bəyanatla Azərbaycan dövlətinin üstünə gəlir! Hamısı da tələb edir ki, Azərbaycan saxlanılan şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir!

Bu nə həyasızlıq, bu nə ədəbsizlik? Hansısa xarici dövlət, hansısa beynəlxalq qurum heç bir araşdırma aparmadan, hələ üstəlik də ona dəxli olmadan necə belə tələb irəli sürə bilir?

Ümumiyyətlə bunlara bu haqqı kim verib?

Ümumiyyətlə müstəqil dövlət olan Azərbaycan niyə bunların hədəfindədir daim?

Nədir axı bunları belə operativ şəkildə Azərbaycana “qeyd-şərtsiz” hücuma sövq edən?

Bilirik bunların səbəblərini, bilirik!

Onların agentura şəbəkəsi çökür axı! İllərdir bəsləyib yetişdirdikləri, öz dövlətinə – Azərbaycana düşmən etdikləri agentlər – uzantılar bir-bir faş edilir! Narahat olublar, qorxurlar ki, bu agent xidmətçilər içəridə olanda açarlar sandığı, tökərlər pambığı!

Əslində sandıq açıb pambıq tökməyə də ehtiyac qalmayıb deyəsən. Çünki Azərbaycan dövlətinin uyğun qurumları əvvəlcədən hər şeyi nəzarətdə saxlayıb, gərəkli bilgiləri toplayıb və bu adamları təkzibedilməz faktlarla yaxalayıb!

Belədir durum! Məhz belə! Azərbaycanın əlində təkzibedilməz faktlar var! Ona görə də “Meydan” TV, “Abzas”, “Toplum” TV və bənzər “müstəqil media” dəllallığı küncə dirənib! Ona görə də onların ağaları belə “qeyd-şərtsiz” və “dərhal” tələbləri irəli sürürlər!

Bəzilərinə görə üzülürəm…

Yeri gəlmişkən, saxlanılanların arasında şəxsən tanıdığım insanlar da var. Onların bu yollara düşməsinə üzülürəm!

Bu dəstədə həm də heç tanımadığım gənc qızları görürəm. Heyif onlardan, çox heyif! Hansısa Conun, Semin, lap elə İvanın pullarına aldanıb özlərini bu “azad media”ya təslim etmələrinə çox heyifsilənirəm…

Proses belə davam edəcək. Dövlətimizin üstünə gələcəklər. Gərəkdir ki, hər birimiz bu prosesdə Azərbaycanın – öz dövlətimizin arxasında qətiyyətlə dayanaq! Bu, hər birimizin vətəndaş – Vətən borcudur! İndi mövqe sərgiləmək vaxtıdır: heç kim yaxasını kənara çəkməsin!

O məlum şəbəkələri bəsləyənlərin məqsədi bizi içəridən param-parça etmək, zəif düşürməkdir!

Çılğına dönüblər, işğalçı Ermənistan və onun havadarları üzərindəki qələbəmizi həzm edə – bağışlaya bilmirlər! Ona görə də içərimizdən birilərini beləcə bəsləyir, üzərimizə ayaqlandırmağa çalışırlar!

Bacarmayacaqlar! Nə qədər ki, bizim kimi insanlar dövlətimizin arxasında, dövlətimiz də əmin əllərdədir, heç bir dünya gücü bizimlə bacarmayacaq!

İndi isə, dəyərli oxucularım, sözügedən məsələ ilə bağlı Real TV-nin hazırladığı videoya baxın. Danılmaz faktlar, dəlillər hər şeyi deyir. Burdan o yanını hər kəsin öz mühakiməsinə buraxıram…

Mission News Theme by Compete Themes.