Yaxud “Evdə tək”in Kevininin taleyini yaşayan Volodimir Zelenski
BAYRAQDAR MEDİA – Hamımızın çox sevdiyi, dəfələrlə tamaşa etməyimizə baxmayaraq, yenə də maraq göstərdiyimiz xarici filmlərdən biri də “Evdə tək” filmidir. “Evdə tək”i bəlkə də ona görə çox sevirik ki, həmin filmin qəhrəmanı olan uşaq, yəni Kevin mübarizədə qalib gəlir. Özü də pis niyyətli, quldur xislətli, evləri qarət edən iki nəfərə qalib gəlir.
Həmin filmdə bir neçə vacib məqam var. Birinci məqam odur ki, ailəsi Kevini unudub getdiyi üçün o, evləri qarət edən, həmçinin özündən yaşca böyük olan iki nəfərə qarşı təkbaşına mübarizə aparmağa məcbur olur. Əslində Kevinin başqa çarəsi də olmur…
Filmdəki digər bir vacib məqam isə hazırda ABŞ Prezidenti olan Donald Trampla bağlıdır. Həmin filmdə Donald Tramp cəmi 10 saniyəlik bir görüntüdə diqqəti cəlb edir. Həmin epizodda D.Tramp otel sahibi olaraq Kevinə yolu – istiqaməti göstərir.
Məlumatlara görə, həmin 10 saniyəlik epizodik görüntünün çəkilməsini də D.Tramp özü istəyib. Çünki filmin yaradıcı heyəti çəkilişlərin bir qismini D.Trampın sahibi olduğu oteldə aparılmasına icazə üçün ona üz tutub. D.Tramp isə əvəzində özünün də filmdə görünməsini istəyib. Yəni görünən odur ki, D.Tramp elə əvvəldən bütün proseslərə şəxsi mənfəət, necə deyərlər, alver təfəkkürü ilə yanaşıb.
İndi isə keçək əsas məsələyə, yazımızın başlığına. Kimsə məni qınamasın, D.Trampla V.Zelenski arasında ötən həftə Ağ Evdə – Oval Ofisdə keçirilən, daha da dəqiq desək söz savaşı ilə müşayiət edilən görüşü iki aktyorun qlobal tragikomediyası kimi dəyərləndirirəm. Axı D.Trampın da, V.Zelenskinin də həyatında bir aktyorluq dönəmi var. ABŞ Prezidenti rol aldığı ayrı-ayrı filmlərdəki kiçik səhnələrdə, V.Zelenski isə Şən və Hazırcavablar Klubunun üzvü kimi öz aktyorluq qabiliyyətlərini kifayət qədər sərgiləyib. Bu günlərdə isə onlar bütün dünyanın tamaşaçı olduğu bir səhnəni təqdim etdilər. Bu səhnədəki söz duelinin bu və digər şəkildə dünyanın gələcəyinə təsir edəcəyini düşündüyümüz üçün prosesi iki aktyorun qlobal tragikomediyası kimi dəyərləndiririk.
Yeri gəlmişkən, D.Trampın filmlərdə rol aldığı kiçik səhnələrə baxarkən, onun ötən illər ərzində heç dəyişmədiyi, daha dəqiq desək, həmin filmlərdə də elə özünü oynadığını görərik.
Həmin filmlərdən birində D.Trampın “hamı hər şey üçün davamlı olaraq məni günahlandırır” sözləri isə xüsusilə diqqəti çəkir. Axı birini davamlı günahlandırırlarsa, deməli, o, buna görə davamlı günahlar edir.
Yazıda yuxarıda “Evdə tək”in qəhrəmanı Kevindən də bəhs etmişdik axı. Düzü, mənə elə gəlir ki, V.Zelenskini müasir zamanın Kevini kimi qəbul edə bilərik. Çünki Kevin kimi onu da doğmaları (Batının Avropa qanadı) “unudub”, tək qoyublar. Və Kevin kimi V.Zelenski də öz evini (yəni Ukraynanı – N.A.) məhz iki qarətçidən qorumaq üçün təkbaşına mübarizə aparmaq zorunda qalıb. Bəs qoruya biləcəkmi? Kevin kimi ağıla, yoxsa radikal hisslərə üstünlük verəcək? Düşünürəm ki, bu və digər suallara cavab tapmaq üçün elə də çox gözləmək lazım gəlməyəcək.
Yəqin kimsə deyəcək ki, bəs Avropa V.Zelenskini tək qoymayıb. Amma gəlin realist olaq. Bu gün Avropanın Ukrayna ilə bağlı sərgilədiyi mövqe, lori dildə desək, “qorxma-qorxma”dan uzağa getmir. Əslində belə olsa dərd yarıdır. Bu gün Avropa yenə də Ukraynanı boşuna “qaza gətirir” desək, yanılmarıq. Reallığa gəlincə isə, ortada gülünc və biabırçı nəticə var. Təsəvvür edin ki, bir zamanlar Ukraynanı qaza gətirib Rusiyanın önünə çıxaran bu Avropa ölkələri martın 2-də Londonda bir araya gəliblər. Görüşdən öncə asıb-kəsiblər, gur-gur guruldayıblar. Amma…
Məsələnin amması budur ki, Londonda keçirilən sammitdə iştirak edən ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məsələsində vahid qərara gələ bilməyiblər. Bu barədə Polşanın Baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib. O, əlavə edib ki, bəzi ölkələr Rusiyanın aktivlərindən Ukraynaya kömək etmək üçün istifadənin mümkün nəticələrindən ehtiyat edirlər…
Bundan sonra Avropanın “nəyə qadir” olduğunu dərk etmək elə də çətin deyil. Necə deyərlər, tamaşa bitir və səhnədə işıqlar sönür. Amma sönən təkcə işıqlar deyil. Batının sona qədər sözünün üstündə duracağına ümid edib Rusiyaya qarşı misilsiz mübarizə aparan Ukrayna xalqının ümidləridir. O sönən, ölən ümidlər həm də digər xalqlara və ölkələrə bir dərs olmalıdır. Batıya güvənmək olmaz! Batının ədalətli olacağına inanmaq olmaz! Çünki Batıda, xüsusilə də Avropada ədalət çoxdan, Osmanlı Türkiyəsi Avropadan çəkiləndən sonra yoxa çıxıb.
Ümumiyyətlə, bir müddət öncə internet TV-lərdən birinə açıqlmamada qeyd etdiyim kimi, bu gün Avropanın, ümumilikdə dünyanın Türkün Ədalətinə ehtiyacı var. Kim bilir, bəlkə də Ukrayna dövlətini və xalqını da heç olmasa tamamilə məğlubiyyətdən məhz elə Türkün Ədaləti, Türkiyənin qətiyyəti xilas edəcək. Ümid edək ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın çətiri Ukraynanı müdafiə altına alacaq.
Sözardı: Bu yazını hazırlayarkən, V.Zelenskinin vaxtı ilə ŞHK (KVN) səhnəsindən səsləndirdiyi bir monoloqa rast gəldim. Orada V.Zelenski Ukraynanı gözəl bir xanıma bənzədir və zarafatla deyir ki, “Ukrayna o qədər gözəldir ki, V.Putin Kabayevadan daha çox Ukraynanı sevir”. Bəli, görünən odur ki, V.Putin Ukraynaya “dəlicəsinə” vurulub və ona tam sahiblənə bilmədiyi üçün hər tərəfi dağıdır, insanları məhv edir.
Əslində, indi o gözəlin, yəni Ukraynanın gözəlliyindən əsər-əlamət qalmayıb. İndi Ukrayna gözəl qızdan daha çox saçı dağılmış, üstü-başı çirkli, bir qarnı ac, bir qarnı tox, ən əsası vaxtından tez qocalan, üzündə kədər qırışları yaranan qadına bənzəyir.

Sözardına sözardı: Məlum görüşlə bağlı bir məqamı da qeyd etmək yerinə düşər. V.Zelenski D.Trampla görüşə gələrkən əynindəki geyimdə Ukraynanın gerbi əks olunmuşdu. Həmin gerbə gəlincə, deyilənə görə, mavi qalxan və 3 dişli sarı nizədən ibarət bu gerb Xəzər xaqanlığının simvollarından biri olub. Digər tərəfdən, mənbələrə əsasən slavyanlar Ukrayna ərazisində məskunlaşmadan yüz illər öncə bu coğrafiyanın əsas sakinləri türklərdən ibarət olub. Kim bilir, bəlkə də ABŞ və Rusiyanın Ukrayna ilə bağlı tutumu, həm də elə türk faktoru ilə bağlıdır?!



