Birol Akgün: 1994-cü ildən bu günə qədər TİKA Azərbaycanda min beş yüzdən çox layihə həyata keçirib
BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakıda Ramazan ayının ilk iftar süfrəsini təşkil edib. Şəhidlik Məscidində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün iştirakı ilə təşkil olunan iftar proqramında şəhid və qazi ailələri də iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Səfirlikdən məlumat verilib.
Bildirilib ki, .”TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi hər il olduğu kimi bu il də Ramazan ayında şəhid və qazilərin ailələri başda olmaqla, ucqar bölgələrdə yaşayan aztəminatlı ailələr, yetimlər, fiziki məhdudiyyətli şəxslərin ailələri, köçkünlər və Ahıska türkləri üçün iftar süfrələri və ərzaq paylama proqramları həyata keçirir. Ramazan ayının ilk günü Bakıda, Şəhidlik Məscidində keçirilən ilk iftar yeməyində Türkiyə səfiri Birol Akgün, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, səfirliyin müşavirləri, şəhid ailələri, qazilər və vətəndaşlar iştirak ediblər”.
Məlumata görə, iftar proqramından sonra açıqlama verən səfir Birol Akgün deyib: “TİKA 33 ildir Türkiyənin dünyaya açılan pəncərələrindən biri olan bir qurumdur. TİKA-nın qurulduğu ilk üç ofisdən biri də Azərbaycandadır. 1994-cü ildən bu günə qədər TİKA Azərbaycanda 1500-dən çox layihə həyata keçirib. Ramazan ayında isə Bakı başda olmaqla Gəncə və Naxçıvan Muxtar Respublikasında iftar süfrələri və ərzaq bağlamalarının paylanması təşkil ediləcək. Mən səfirliyimiz adından Türk xalqının paylaşmaq duyğusunu qardaş ölkələrə aşıladığı, inkişaf etdirdiyi və yaydığı bu anlayışı bura gətirdiklərinə görə TİKA-ya təşəkkür edirəm”.





