BAYRAQDAR MEDİA – Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar: “Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var”. Əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir. Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənirsə dələduzluqdur. Onlar cinayətkar niyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər”.
DİN bir daha çağırış edib, diqqətə çatdırıb ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir.
Əgər vətəndaş həmin zəngi, mesajı yoxlamaq istəsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng etməlidir. Unutmamalı ki, kart məlumatları kartın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur.





