Press "Enter" to skip to content

“Türk dövlətləri və mədəniyyətləri tarixi” işıq üzü görüb

Telman Nüsrətoğlu: Türk xalqlarının dövlətçilik və mədəniyyət tarixi bütün türk boylarının dünyanın müxtəlif ərazilərində meydana gətirdiyi müştərək tarixdir

BAYRAQDAR MEDİA – Türk dünyasının ortaq dəyərlərinə işıq salan daha bir kitab işıq üzü görüb. Tarixçi Ekber N. Nəcəf və Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru Telman Nüsrətoğlunun həmmüəllifliyi ilə işıq üzü görən yeni kitab “Türk dövlətləri və mədəniyyətləri tarixi” adlanır.

1128 səhiflik bu əsər mühüm əhəmiyyət malikdir

T.Nüsrətoğlunun sözlərinə görə, 1128 səhiflik bu əsər mühüm əhəmiyyət malikdir.

O, deyib ki, bu kitabın ərsəyə gəlməsi bir çox məsələlərə işıq salacaq: “Çünki keçmiş Sovet məkanında ilk dəfə müstəmləkə paradiqmaları kökündən rədd edilərək, bütövlük anlayışı içində türk tarixinə yeni nəzəri baxış verməklə qədim, orta əsrlər və müasir dövr türk tarixi və mədəni münasibətləri haqqında bir sıra elmi müddəalar və tezislər ortaya qoyulub. Məmlüklər, Qızılbaşlar, Osmanlılar, Babürlər, Şeybanilər tarixi ayrışdırıcı, tuzaqlayıcı müstəmləkə tezislərindən arındırılaraq türklərin dünya hakimiyyəti fəsli altında birləşdirici, obyektiv və ən əsası milli tarixçilik refleksiylə yazılmağa çalışılmışdır. Türk kimliyinin əsas xüsusiyyətləri, türklərin şəhər mədəniyyəti, türk dünyasında zehniyyət dəyişməsi kimi fəsil başlıqları altında verilən bilgilərin də geniş oxucu kütləsinin marağına səbəb olacağını düşünürəm”.

Bu tarix geniş zaman dilimində Avrasiya xalqlarının da tarixidir

T.Nüsrətoğlunun sözlərinə görə, türk xalqlarının dövlətçilik və mədəniyyət tarixi bütün türk boylarının dünyanın müxtəlif ərazilərində meydana gətirdiyi müştərək tarixdir: “Əslində bu tarix geniş zaman dilimində Avrasiya xalqlarının da tarixidir. Rus türkoloq Vasili Bartoldun (Василий Владимирович Бартольд;
1869−1930) da ifadə etdiyi kimi, heç bir millətin tarixini türklər olmadan yazmaq mümkün deyildir. Çünki türklər demək olar ki, dünyanın əksər bölgələrinə hökm etmiş, yayılmış, başqa millətlərin də tarixi kimliyinin formalaşmasında misilsiz rol oynamışdılar. Türk milləti ümumbəşər mədəniyyətinə böyük töhfə verən, başqalarının model olaraq ehtiyac duyduqları dərin və köklü mədəni proseslərin qurucuları və daşıyıcıları olmuşdur”.

Azərbaycan tarixçiliyinin önündə duran ən başlıca məsələlərdən biri…

Kitabın həmmüəllifi bir məqama da toxunub: “Təəssüf ki, son bir neçə yüz ilini böyük siyasi-mədəni böhranlar və təzyiqlər altında keçirən bir çox türk xalqları kimi insanlıq tarixini şəkilləndirən bu nəhəng tarixi kimliyin ən önəmli təmsilçilərindən olan Azərbaycan türklərinin tarixi öz həqiqətlərindən qoparılaraq öyrənilmiş, Sovet dövrünün ideoloji-tarixi paradiqması çərçivəsinə salınaraq öz fikri və mədəni qəliblərindən çıxarılmış, millət tarixi yerinə insanımıza obyektivlikdən uzaq, fərqli siyasi-mədəni platformalara xidmət edən dar bir bölgəyə bağlı məhdud tarix hafizəsi təqdim edilmişdir. Azərbaycan tarixçiliyinin önündə duran ən başlıca məsələlərdən biri də məhz məcrası dəyişdirilməyə çalışılan çayların, dənizlərin istiqamətini türk tarix okeanına döndərmək, əsrləri titrədən o böyük yürüşlə gələcək nəsilləri tanış etmək,mədəniyyətimizin qədimliyini, ehtişamını, ən mühümü də mahiyyətini olduğu kimi meydana çıxarmaqdır”.

Türklər eyni zamanda qədim çağlardan günümüzə maddi-mənəvi dəyərlər arasında mükəmməl tarazılıq qurublar

Qeyd edilib ki, türklər eyni zamanda qədim çağlardan günümüzə maddi-mənəvi dəyərlər arasında mükəmməl tarazılıq quraraq dünya tarixində əzəmətli dövrlər yarada bilmişdir: “Əlbəttə, Asiya, Avropa və Afrika qitələrinə yayılaraq, müxtəlif tarixi dövrlər ərzində insanlıq tarixinin ən qüdrətli imperiyalarını meydana çıxarmış, mübaliğəsiz qeyd edə bilərik ki, bu gün dünyada söz sahibi olan aparıcı millətlərin cəminin sayı qədər dövlətlər qurmuş, müxtəlif dinlər, inanclar, et nik kimliklərlə tanış olaraq onlarla siyasi-iqtisadi, mədə ni alış-veriş həyata keçirmiş, Rusiyadan Avropaya bir çox xalqın milli tarixində qalıcı izlər buraxmış belə bir millətin qurduğu dövlətləri, inanc sistemini, orduları, sosial həyatı, müəssisələri, ədəbiyyat və incəsənəti, əl sənətləri ni, simvollar dünyasını, icadları, insanlığın elmi inkişafına verdikləri töhfələri və.s bir kitaba sığdırmaq mümkün deyildir. Ancaq bu kitabla xüsusilə Azərbaycan tələbələrinin, geniş oxucu kütləsinin önəmli bir ehtiyacının müəyyən bir ölçülər daxilində qarşılanacağını düşünürəm. Çapar Kitab Evinə , Dilgəm Əhməd və Yusif Ilhamoglu bəyə, kitabın redaktoru Sahil Sərxanlı bəyə xüsusi təşəkkürlər. Allah utandırmasın”.

Qeyd edək ki, aprelin 18-də Bakı Yunis Emre İnstitutunda kitabın təqdimat mərasimi keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.