Press "Enter" to skip to content

Söyülmək xoş xatirə deyil ki, xatırlayıb gülümsəyəsən…

Aqşin DADAŞOĞLU

Son yeniləmə: 11 May 2025

BAYRAQDAR MEDİA – Mən öz ölkəmin sıravi vətəndaşıyam. Sıravi vətəndaş olsam da dünyada və ölkəmizdə gedən bütün siyasi və iqtisadi prosesləri öz sıravi vətəndaş beynimlə araşdırıb, fikir bildirə bilirəm.

Fikir bildirməmişdən qabaq isə papağımı qarşıma qoyub yazdığım hər hansı statusu, köşə yazısını və yaxud şeiri bir daha incələyirəm. Yazılarımı dönə-dönə redaktə eləməyimin səbəbi isə yazdığıma görə söyülmək istəməməyimdir.

Əsəbi adamam, söyülməyi heç xoşlamıram, necə deyərlər, söyülməkdən qorxuram. Düzdür, arabir özüm də söyüş söyürəm. Hərdən oğlumu, kürəkənimi, həyat yoldaşım yanımda olmayanda qayınlarımı, bələdiyyə rəisinin “aftafadaşıyanı”nı, müdirin xəbərçisini, polisin torbatikən əmoğlusunu ,”parabeyin” mühəndisimi, poeziyadan xəbəri olmayan, ömründə bir kitab oxumayıb şairlik, yazıçılıq eləyən məddah şair sürüsünü söyürəm. Yəni mənim söyüş söymə auditoriyam və leksikonum, necə deyərlər, “özümünkülərdən”, özüm kimi sıravi adamlardan və xırda söyüşlərdən ibarətdir.

Facebook-da ilk dəfə bir yazıma görə yaxşı söyülmüşdüm. Hirsimdən qıpqırmızı qızarıb həyətdə qaynamaq üzrə olan samovara möhkəm bir təpik də vurmuşdum. İndi o samovarın əyilmiş tutacağını görəndə gülümsəyirəm. Amma tez özümü yığışdırıb ciddi görkəm alıram. Çünki söyülmək xoş bir xatirə deyil ki, xatırlayanda gülümsəyəsən.

Söyülməyimə səbəb olan yazım isə belə idi: yazmışdım ki, ölkəmizdə ciddi təhsili və o təhsilə uyğun ciddi diplomu olan heç bir kəsin işsiz qalması mümkün deyil. Çünki savadlı gənclərimizin xarici ölkələrə etdiyi beyin axınını və xarici ölkələrin ölkəmizdə etdiyi beyin oğurluqlarını nəzər alsaq, savadlı adamın işsiz qalması qeyri mümkündür. Düzdür, yerlibazlığın və qohumbazlığın tüğyan etdiyin bir ölkədə bunu yazmaq çox riskli məsələdir. Amma mən çalışdığım müəssisədə işləyən, bir müddət işlədikdən sonra xarici ölkələrə və şirkətlərə axın edən savadlı gəncləri görüb belə yazmışdım.

Buna cavab olaraq biri yazmışdı ki, ay “əbləh”, mənim 3 diplomum var, bazarda göyərti satıram. O biri yazmışdı ki “ay qoca sarsaq, mənim qımızı dilonum var, amma taksavatdıq eləyirəm (“qırmızı diplom” sözünü “qımızı dilon” yazmışdı).

Düzdür, söyənlərin hamısına cavab vermişdim. Amma bu, çox uzun, üzücü və tərbiyəsiz bir işdir. Elə bil ki, bir sürü küçə iti ilə dayanmadan ağız-ağıza hürüşürsən, sonra polis gəlib hərəmizin yanbızına bir yağlı təpik vurur, dağılışırsan.

Söyənlərin ən kütünə deyirəm ki, “nə olsun ki, göyərti satırsan? Sənin intellektual səviyyən və beyninin göstəriciləri ancaq göyərti satmağa çatır. Yəqin ki, hansı yollasa ali məktəbə daxil olub oranı güc- bəla ilə bitirmisən. Hansısa tərbiyəli, savadlı, imkansız bir gəncin yerinə ali məktəbdə sən oxumusan. İndi də hansısa göyərtisatanın yerində göyərti satıb onun çörəyinə bais olursan”.

Azərbaycanda öz müstəqil fikirlərinə görə söyülən saysız-hesabsız adamlar var. Günahkar olub bir yaxşı işləyən, xalqı üçün çalışan bir millət vəkilini və yaxud dövlət məmurunu tərifləyəsən. Ooo, həngamə ondan sonra başlayır. Dostluğumda olan-olmayan bütün müxalifət “yandomca”ları adamın üstünə cumur.

Cumur, nə cumur həm də! Cummur e, qapır, dişləyir, mırıldayır! Sabah hansısa bir rüşvətxor məmurun əleyhinə yazı yazsam, həmin dəstə ilə olursan qardaş, abi, bratan, xlorsatan. Hamı səni tərifləyir, onlar üçün dərhal mücahid, öndər, azadlıq aşiqi olursan.

Bir-iki gün bundan öncə Ulucay Akif adlı bir gənc yazarımız Tofiq Yaqublunun həbsxanada keçirdiyi aclıq aksiyası haqqında öz fikirlərini yazmışdı. Gəncin fikirləri ilə razılaşmayan bir çox adam az qalmışdı ki, Ulucayı söyüşlə daş-qalaq etsin. Dünən Tofiq Yaqublu aclıq aksiyasını dayandıran kimi Ulucay Akifi zirvəyə qaldırıb deyirlər ki, “gənc də olsa, qardaşoğlu nə isə bilirmiş”.

Yaxın keçmişdə bir yazımda Aqil Abbasın “Dolu” romanı haqqında müsbət fikirlərimi yazmışdım, Yəni kitabı oxuyub, bəyənib, bir oxucu kimi öz müsbət fikirlərimi bildirmişdim. Yahu, yahu, bax, onda da babat söyülmüşdüm.

Söyənlərdən birindən soruşuram ki, “sən “Dolu” romanını oxumusan”? Deyir ki, “roman nədi ee, mən heç dolu sözünün nə olduğunu – mənasını bilmirəm”.

Başa salıram ki, ”dolu ilin isti dövründə topa yağış buludlarından buz halında təpəmizə düşən yağıntı hadisəsidir”.

“Dolu” romanında isə yazıçı dolunu birinci Qarabağ döyüşlərində ermənilərin xalqımızın başına dolu kimi tökdüyü “qrad”lara, bombalara oxşadır. Cavab verir ki, “mən səni, Aqil Abbasın kənd camaatına soğan əkməyi tövsiyə etdiyi üçün söyürəm”.

-Ay kişi, Aqil Abbas bu tövsiyəni gecə səhərə kimi gic-gic seriallara baxan, gündüzlər isə çayxanalarda domino çırpıb laqqırtı vuran bəzi kəndlilərə ünvanlayıb. Sən harada yaşayırsan?
-Şəhərdə.
-Yaxşı da, bu soğan söhbətinin sənə nə dəxli var, sən şəhərdə soğan əkənsən?

Bilirəm, bu yazıma görə ola bilər ki, yenə söyüldüm. Amma kənd uşaqları demişkən, məni söyəni mən də söymüşəm…

Daha nə deyim ki?

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.