Dr. Muhtar Fatih Beydili: Yeni Dehli rəhbərliyi inbdi də yerli istehsal olan “Akash-1S” hava hücumundan müdafiə sistemini Ermənistana təhvil verməyə hazırlaşır
BAYRAQDAR MEDİA – “Hindistan, Türkiyə və Azərbaycana qarşı dolayı strateji bir addım olaraq Ermənistana hərbi dəstəyini artırmaq yolunu tutur. Hindistan mediasında yer alan xəbərlərə görə, Yeni Dehli rəhbərliyi yerli istehsal olan “Akash-1S” hava hücumundan müdafiə sistemini Ermənistana təhvil verməyə hazırlaşır”.
Bunu BAYRAQDAR MEDİA-ya Suriya Türkmənəli Azərbaycan Dostluq Cəmiyyətinin və Suriya Türkmən Doktorlar Birliyinin başqanı Dr. Muhtar Fatih Beydili deyib.
Onun sözlərinə görə, “Akash-1S”, döyüş təyyarələri və qanadlı raketlərə qarşı effektiv olan, artırılmış mənzilli və təkmilləşdirilmiş radar qabiliyyətinə sahib yer-hava raket sistemi kimi təqdim edilir: “Mütəxəssislərə görə, bu, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində yeni bir mərhələni təşkil edir. Hesab edirəm ki, bu addım Hindistanın Güney Qafqazda artan hərbi təsirini bir təzyiq vasitəsinə çevirmək istəkləri kimi dəyərləndirilə bilər. Xüsusilə də bu, Hindistanın Türkiyə-Azərbaycan əməkdaşlığına qarşı mövqeyi kimi nəzərə çarpır”.
Dr. Muhtar Fatih Beydili deyib ki, Türkiyənin son illərdə Kəşmir məsələsində Pakistanın tərəfində yer alması Hindistan tərəfindən həm diplomatik, həm də geosiyasi bir təhdid kimi dəyərləndirilib: “Ankaranın İslam Əməkdaşlıq Təşkilatı platformasında Pakistanın mövqeyini müdafiə etməsi Yeni Dehlidə narahatlıqla qarşılanıb. Lakin Türkiyənin birbaşa hədəf alınması geosiyasi nəticələri baxımından baha başa gələ biləcəyi üçün Hindistan dolayı bir yol seçərək Ermənistanı silahlandırır. Belə ki, Hindistan son illərdə Ermənistana haubitsa sistemləri, pilotsuz uçuş aparatlarını aşkar edən radarlar və çoxlüləli raket sistemləri tədarük etmişdi. “Akash-1S” raket sisteminin təhvil verilməsi isə bu prosesin davamı kimi dəyərləndirilir”.
Dr. Muhtar Fatih Beydilinin qənaətinə görə, Hindistanın bu addımları onun və dəstək verdiyi Ermənsitan üçün heç bir uğur vəd etmir: “Çünki Ermənistan hazırkı hərbi və iqtisadi potensialı ilə Güney Qafqazda balans yarada biləcək bir aktor deyil. 2020-ci il Qarabağ müharibəsindən sonra ciddi hərbi itkilər verən Ermənistan bölgədəki çəkisini böyük ölçüdə itirib. Digər tərəfdən, Azərbaycan həm hərbi modernizasiya prosesi, həm də Türkiyə ilə qurduğu inteqrasiya olunmuş müdafiə strukturları sayəsində bölgədə mühüm bir gücə çevrilib. Ona görə də Hindistanın atdığı bu kimi addımlar real vəziyyəti dəyişdirməkdən çox siyasi mesaj vermə məqsədi daşıya bilər”.
İlk şərhi yaza bilərsiniz