Tekirdağ öz zənginliyi ilə turistləri valeh edir
BAYRAQDAR MEDİA – “Turizmin əsas qayəsi sözsüz tarixi- mədəni abidələr, həmçinin əlverişli təbi resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. Son illər ərzində dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə axın edir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) məlumat verilib.
Məlumata görə, 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahılarında Türkiyə turist sayına görə ilk 50 dövlət içərisində olub: “Son bir neçə il ərzində isə Türkiyə turist qəbuluna görə dünyanın ilk beşliyinə daxil olub. Sözsüz ki, burada formalaşmış turizm obyektləri, restoran personalları ilə yanaşı gözəl təbiətin də önəmi var. Türkiyənin bütün ərazisi turizm üçün olduqca əlverişlidir. Bu sırada Türkiyənin cənnəti adlandırılan Tekirdağın bir başqa yeri var”.
Məlumat üçün bildirək ki, İstanbuldan 140 kilometr məsafədə yerləşən Tekirdağ öz zənginliyi ilə turistləri valeh edir: “Türkiyənin ən qədim yaşayış məskənlərindən biri olan Tekirdağda tarixlə baş-başa qalmaq mümükündür. Mərmərə dənizi sahilində dağ və dəniz mənzərələri ilə təsir edici qədim Trakya şəhəri Tekirdağda çimərliklər, parklar, yaşıl sahələr və çay bağları ilə dolu canlı sahil xətti var. Yamyaşıl əraziləri ilə sahilini bəzəyən Tekirdağın il mərkəzi və rayonlarında 18-ci əsrə aid taxta evlərin olması şəhəri mütləq görülməli bir dayanacaq halına gətirir”.
Məlumatda vurğulanır ki, bu gün Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi kimi fəaliyyət göstərən bina Osmanlı memarlıq üslubunu əks etdirən keçmiş qubernator malikanəsidir və şəhərin mütləq görülməli tarixi yerlərindən biridir: “Eyni küçədə türk-macar dostluğunu simvolizə edən Rakoçzi muzeyi də ən az onun qədər təsir edicidir. 1700-cü illərdə burada yaşamış keçmiş Macarıstan şahzadəsi Rakoczi Francis-in xatirəsinə açılan muzey şəhərdə görülməyə dəyər tarixi yerlərdən biridir. Onun kolleksiyasına Rakoczinin şəxsi əşyaları, köhnə müharibə dövrlərinə aid silahlar, köhnə sənədlər, məktublar və portretlər daxildir. Rakoczi Evi olaraq da bilinən bu təsir edici muzey, nostalji atmosferi və Macarıstan-Türkiyə dostluğunun simvolu ilə Trakya tarixində xüsusi bir yerə malikdir”.
Bildirilir ki, Tekirdağ şəhər mərkəzində Ertuğrul Məhəlləsində yerləşən Rüstəm Paşa Məscidi Memar Sinanın əsəridir: “Osmanlı İmperatorluğu dövrünün mühüm memarı Memar Sinanın əsərlərindən biri kimi xüsusi yeri olan məscid 1500-cü illərin ortalarında inşa edilib. Məscidin kənarında əvvəllər mədrəsə olub. Bu gün mədrəsə alış-veriş meyxanası kimi fəaliyyət göstərir”.
Qeyd edilib ki, burada bərk mərmərdən hazırlanmış fəvvarə də var: “Ümumiyyətlə, Tekirdağ səfəriniz zamanı görməyə dəyər digər tarixi yerlər: Süleymaniyyə məscidi, Namık Kamal evi, Hora Mayağı, Çorlu qalası, Ulaş körpüsü, Kırkgöz körpüsü, Thzolus Antik Şəhər xarabalıqları, Tarixi Çorlu Evi, Melen Manastırı və St. İoann Teologos Monastırını qeyd etmək olar. Şəhər mərkəzində Rakoczi Ferenc küçəsində yerləşən Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi də görməli olan məkanlardan biridir”.
Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyində həm arxeoloji, həm də etnoqrafik olmaqla cəmi 25 min əsər sərgilənir. Sərgi sahələri arasında ən diqqət çəkən bölmə kurqanların və eramızdan əvvəl IV əsrin sonlarına aid etnoqrafik əsərlərin sərgiləndiyi bölmədir. Muzeydə Bizans dövrünə aid əşyalar, Osmanlı İmperiyasına aid heykəllər, bəzək əşyaları, yerli geyimlər və əl işləri kimi tarixin müxtəlif dövrlərinə işıq tutan bir çox əsər sərgilənir.
İlk şərhi yaza bilərsiniz