Bakıda “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfrans keçirilib
BAYRAQDAR MEDİA – Türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi üçün davamlı addımlar atılır. Təbii ki, bu addımlar elm və təhsil sahəsində də atılır. Elə 16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfrans da bu məqsədə xidmət edirdi.

TUDİFAK-dan BAYRAQDAR MEDİA-ya verilən məluamta görə, açılış mərasimində UNEC-in prorektoru dosent Gəray Musayev, Türkiyənin Azərbaycandakı səfiri səfiri Prof. Dr. Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP Genel başqan yardımçısı İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazgan və Özbəkistan Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov çıxış ediblər.

Məlumata görə, dosent Gəray Musayev konfransın məqsədinin türk dünyası ölkələri arasında əməkdaşlığı gücləndirmək, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək olduğunu bildirib.
Məlumatda deyilir ki, səfir Birol Akgün türkdilli ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Səfir konfransı elm, təhsil, iqtisadiyyat və texnologiyalar sahəsində fikir və layihələrin müzakirəsi üçün mühüm platforma adlandırıb”.

Prof. Dr. Birol Akgün həmçinin elmi tədqiqatların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əlaqələri gücləndirdiyini vurğulayıb: “Səfirlik olaraq bütün səviyyələrdə təhsil müəssisələrinin, akademiklərin, ziyalıların və Türkiyədən təhsil almaq üçün gələn təxminən 5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq”.
Mərasimdə çıxış edən Közhan Yazgan TUDİFAK-ın 33 illik fəaliyyətindən danışıb.

O, fakültənin türk dövlətləri arasında əməkdaşlıqda strateji rol oynadığını qeyd edib: “Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır. 33 il əvvəl fəaliyyətə başlayan və bu gün TUDİFAK adı ilə tanınan fakültə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Çünki fakültə müasir Azərbaycanın ehtiyac duyduğu bilikli, bacarıqlı və təcrübəli insan resurslarının – beşəri kapitalın – yetişdirilməsi məqsədilə yaradılıb. Bu günə qədər minlərlə tələbə türk dünyasına bağlılıq ruhunda yetişdirilib və onlar türk iş dünyasının peşəkar kadrlara olan tələbatını təmin edilməsində mühüm rol oynayırlar”.
Millət vəkili İlyas Topsakal isə türk dövlətlərinin sovetlərdən sonrakı dövrdə dünya sisteminə inteqrasiyasından və bu əlaqələrin dərinləşməsindən danışıb.

Millət vəkili Türk Dünyası İqtisad Fakültəsinin hələ “Türk Dünyası” anlayışının yeni-yeni elmi ədəbiyyata daxil olduğu dövrdə təsis edildiyini və bu fakültənin onun akademik karyerasında mühüm yer tutduğunu bildirib: “Tarixdə də, bu gün də türk dünyasının elmi baxımdan ağırlıq mərkəzi Bakı olub. Fikirlər, elmi araşdırmalar burada toplanır, müzakirə olunur və türk dünyasına yayılır.”

Curatbek Atacanov isə çıxışında Özbəkistanın iqtisadi strategiyasının sosial, mədəni və təhsil sahələrinə müsbət təsirindən bəhs edib.

O, bu inkişafın türk dünyası ölkələri arasında əməkdaşlığa yol açdığını bildirib.
Məlumata əsasən, “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda keçirilən Beynəlxalq Türk Dünyası İqtisad Konfransının açılış mərasimi rəsmi hissə və təltiflərlə davam edib: “Konfransın təşkilində göstərdikləri dəstəyə görə bir sıra qurum və şəxslərə plaketlər təqdim olunub. TİKA Bakı nümayəndəliyindən Hayrettin Özçelik, Yapı Kredi Bank Azərbaycan İdarə Heyətinin sədri Mete Şamil Öztürk və Div Akademiyadan Aygün Mirzəliyeva konfransın dəstəkçiləri kimi təltif ediliblər.

Eyni zamanda, Urgench RANCH Texnologiya Universiteti tərəfindən UNEC-in prorektoru dos. Gəray Musayevə, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünə və TDAV rəhbəri Közhan Yazgana xatirə hədiyyələri təqdim edilib”.

Çıxışlardan sonra konfrans “Türk dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarəedilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarlıq və startaplar” mövzularında panel iclaslarla davam edib.
İlk şərhi yaza bilərsiniz