Xəzər Universitetində Azərbaycanda Osmanlı əsirləri, Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə qardaş yardımı mövzusunda beynəlxalq elmi konfrans keçirilib
BAYRAQDAR MEDİA – Xəzər Universitetinin ev sahibliyində Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları) adlı sərgi və plenar iclas keçirilib. Sərgidə Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiyanın arxivlərinin mövzuyla bağlı tədqiq edilməsini ehtiva edən layihə çerçivəsində beynəlxalq elmi konfrans və nadir arxiv sənədləri, fotolar nümayiş olunur.

Univeristetin Tarix və arxeologiya departamenti ilə yanaşı TİKA və Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığında həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı məruzələrlə çıxış ediblər.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayəb. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və konfransın plenar iclası başlayıb.

Məlumata görə, açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi,Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış ediblər: “Natiqlər həm layihənin əhəmiyyətini vurğulayıb, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətiriblər. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilib. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilib. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilib”.

Məlumata əsasən, “ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof. Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı Dr. Akif Aşırlı, məhşur ürək cərrahı, Sarıqamış Cəmiyyətinin sədri Prof. Dr. Bingür Sönməz və digər tarixçilər çıxış ediblər. Çıxışlarda Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətlərindən bəhs edilib. Bildirilib ki, əsirlərin Nargindəki həyatı, milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlıyardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilib. Konfransa aid tezislər və proqram öncədən çap edilib və gələn qonaqlara təqdim edilib”.
Məlumatda o da vurğulanır ki, bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq, onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir: “7 may “Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsi təklif edilisin; tarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilsin; Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulsun; Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilsin; mediada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılsın”.
İlk şərhi yaza bilərsiniz