BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Bakı Dövlət Universitetində (BDU) olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonağı salamlayan rektor Elçin Babayev iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, BDU Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlığa malikdir. BDU-da təhsil alan xarici tələbələrin də çoxu Türkiyədəndir. E.Babayev Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı səfirə məlumat verib. BDU ilə Türkiyə universitetləri arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. B.Akgün universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayaraq səfirliyin bu istiqamətdə dəstək olacağını bildirib”.
Görüşdə BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin perspektivləri, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir daha sonra BDU-nun Heydər Əliyev muzeyini və “Türk otağı”nı ziyarət edib.





