Press "Enter" to skip to content

Gözəl olsun və Dedim – dedi

Kənan RAHİ

‎BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin gənc üzvü Kənan RAHİnin qəzəllərini təqdim edir.

Gözəl olsun

Sən gül ki, gözəl, qoy belə dünya gözəl olsun,
‎Səndən yazım hər sətrimi, misra gözəl olsun.

‎‎Get sahilə sən, ümmana, ey gül, nəzər eylə,
‎Baxsın sənə həsrət ilə dərya, gözəl olsun.

‎İnsana gəlir daima xoş sənli xəyallar,
‎Sənsiz nəyə lazımdı ki, xülya gözəl olsun?

‎Baxsın o gözəlliklərə eşqim camalından,
‎Alsın o gözəllikləri sevda, gözəl olsun.

‎Aşiqlər üçün sevdiyinin qəlbi əsasdı,
‎Məcnuna gərəkdirmi ki, Leyla gözəl olsun?

‎Çıxsın o dilindən məni öldürməyə bir söz,
‎Mən razıyam, ol qətlimə fitva, gözəl olsun.

‎Rahi səni vəsf eyləyəcəkdir bu qəzəldə,
‎Başdan-başa hər misrada məna gözəl olsun.

Dedim – dedi

Dedim: – Ey dil, gələsən, dərdimə əncam edəsən.
‎Dedi: – Əvvəlcə mənim könlümü sən ram edəsən.

‎Dedim: – Ey qönçə gülüm, söylə, nə cür ram eləyim?
‎Dedi: – Bundan dolayı çoxlu gərək kam edəsən.

‎Dedim: – Âləm məni Məcnun(i) tanır eşqindən.
‎Dedi: – Lazım deyil heç, adını bədnam edəsən.

‎Dedim: – Ey gül, çaparam dağları Fərhad(i) kimi.
‎Dedi: – Neylərsən əgər, cəhd elə kim, tâm edəsən.

‎Dedim: – Âxər mənə yox söyləməyin var səbəbi.
‎Dedi: – Qorxum budur əvvəl məni nâkâm edəsən.

‎Dedim: – Əsla səni nakam edə bilməz bu könül.
‎Dedi: – Qəsdim budur öz könlünü ârâm edəsən.

‎Dedim: – Artıq bir ağız Râhiyə bir söz de, gülüm.
‎Dedi: – Hə, râzıdı könlüm sənə, bayrâm edəsən.

Mission News Theme by Compete Themes.