BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin gənc üzvü Kənan RAHİnin qəzəllərini təqdim edir.
Gözəl olsun
Sən gül ki, gözəl, qoy belə dünya gözəl olsun,
Səndən yazım hər sətrimi, misra gözəl olsun.
Get sahilə sən, ümmana, ey gül, nəzər eylə,
Baxsın sənə həsrət ilə dərya, gözəl olsun.
İnsana gəlir daima xoş sənli xəyallar,
Sənsiz nəyə lazımdı ki, xülya gözəl olsun?
Baxsın o gözəlliklərə eşqim camalından,
Alsın o gözəllikləri sevda, gözəl olsun.
Aşiqlər üçün sevdiyinin qəlbi əsasdı,
Məcnuna gərəkdirmi ki, Leyla gözəl olsun?
Çıxsın o dilindən məni öldürməyə bir söz,
Mən razıyam, ol qətlimə fitva, gözəl olsun.
Rahi səni vəsf eyləyəcəkdir bu qəzəldə,
Başdan-başa hər misrada məna gözəl olsun.
Dedim – dedi
Dedim: – Ey dil, gələsən, dərdimə əncam edəsən.
Dedi: – Əvvəlcə mənim könlümü sən ram edəsən.
Dedim: – Ey qönçə gülüm, söylə, nə cür ram eləyim?
Dedi: – Bundan dolayı çoxlu gərək kam edəsən.
Dedim: – Âləm məni Məcnun(i) tanır eşqindən.
Dedi: – Lazım deyil heç, adını bədnam edəsən.
Dedim: – Ey gül, çaparam dağları Fərhad(i) kimi.
Dedi: – Neylərsən əgər, cəhd elə kim, tâm edəsən.
Dedim: – Âxər mənə yox söyləməyin var səbəbi.
Dedi: – Qorxum budur əvvəl məni nâkâm edəsən.
Dedim: – Əsla səni nakam edə bilməz bu könül.
Dedi: – Qəsdim budur öz könlünü ârâm edəsən.
Dedim: – Artıq bir ağız Râhiyə bir söz de, gülüm.
Dedi: – Hə, râzıdı könlüm sənə, bayrâm edəsən.





