Press "Enter" to skip to content

“Bakı Su Həftəsi” keçiriləcək-VİDEO

BAYRAQDAR MEDİA – 10–12 sentyabr tarixlərində 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Məlumata görə, ADSEA-nın dəstəyi ilə təşkil edilən sərgi Bakı Ekspo Mərkəzində reallaşacaq: “Sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunacaq. Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq. Dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir”.

Məlumatda daha sonra deyilir: “Son illər Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib: suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr həyata keçirilir. Bakı Su Həftəsi sərgisində ölkənin su təchizatı sahəsində ölkədə görülən və görüləcək genişmiqyaslı işlər nümayiş olunacaq. Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır”.

Qeyd edilir ki, Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq, həmçinin yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcək: “Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edəcək”.

Məlumatda o da deyilir ki, tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir: “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir. “Bakı Su Həftəsi”nin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. 2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”, florist tərəfdaşları “Gloria Flowers” və “Buketeria”, səyahət tərəfdaşı “Greenwich Travel Club” şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləridir”.

“Baku Water Week” haqqında ətraflı məlumatı www.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.