Dr. Yücel Karauz: Müdafiə Nazirliyinin Müharibə Nazirliyi adlandırılması həm də “qılıncın artıq qından çıxdığına” və böyük müharibənin yaxınlaşdığına işarədir
BAYRAQDAR MEDİA – ABŞ Prezidenti Donald Trampın sentyabrın 5-də Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” kimi dəyişdirmək barədə verdiyi qərar dünyada heç də birmənalı qarşılanmadı. Bəs, ümumiyyətlə bu addımın arxasında hansı məqamlar dayana bilər?
Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında həmin suala cavab verib.
Dr. Yücel Karauz öncə onu deyib ki, bu, sıradan bir məsələ deyil: “Bunun bir neçə məqsədi və səbəbi var. İlk növbədə, “Müdafiə Nazirliyi” ifadəsindəki “müdafiə” anlayışı daha çox sabitlik, durğunluq, hansısa təhlükənin qarşısını almaq, passivlik mənası daşıyırdı. Müharibə Nazirliyi isə artıq belə deyək, “Böyük Amerika” ideyasının reallaşdırılması üçün daha uyğun bir çərçivədir. Yəni ABŞ artıq müdafiədən hücuma keçir, öz niyyətlərini, istəklərini açıq şəkildə həyata keçirməyə başlayır. Bu dəyişiklik məhz bu niyyəti ifadə edir”.
Müsahibimiz qeyd edib ki, tarixə nəzər salsaq, həm Birinci, həm də İkinci dünya müharibələri dövründə “Müharibə Nazirliyi” anlayışı işlədilib: “İndi də bu addım, ABŞ ordusunu və amerika millətçilərini yenidən güclü və təsirli bir mövqeyə gətirmək məqsədi daşıyır. Başqa sözlə, bu, həm tarixi, həm də milli kimlik baxımından atılmış simvolik addımdır. Digər tərəfdən yuxarıda da qeyd etdiyim kimi “Müdafiə Nazirliyi” daha çox qorunmaq, qarşısını almaq, müdafiə olunmaq anlamı daşıyırdı. Amma “Müharibə Nazirliyi” artıq hücum, zərbə vurmaq, maksimum öldürücülük gücünü tətbiq etmək fəlsəfəsini ifadə edir. Bu da ABŞ-ın yeni hədəflərinə və ideyalarına daha uyğun gəlir. Bu, onu da göstərir ki, ABŞ Tayvan böhranı və digər məsələlərdə eyni siyasətdən istifadə edə bilər. Əsas hədəf isə Rusiya–Ukrayna müharibəsinin başa çatması üçün edilən cəhdlərin uğursuzluğundan diqqətin yayındırılmasıdır. ABŞ Rusiyaya embarqolarla bağlı iki dəfə xəbərdalıq etsə də ortada nəticə yoxdur. Belə bir məqamda isə Müdafiə Nazirliyinin Müharibə Nazirliyi adlandırılması həm də “qılıncın artıq qından çıxdığına” və böyük müharibənin yaxınlaşdığına işarədir”.
“Qərarın Konqresdə qəbul olunub-olunmayacağı məsələsinə gəlincə, Dr. Yücel Karauz deyib: “Əlbəttə, bu qərarın rəsmiləşməsi üçün Konqresin də təsdiqi lazımdır. Amma D.Tramp üçün bu, o qədər də mühüm deyil. Onun əsas məqsədi milli ictimai fikri, kütləni özünə cəlb etmək, milliyyətçilik ruhunu gücləndirməkdir. O, bu addımı atmaqla amerikalılara göstərir ki, “Böyük Amerika” idealını gerçəkləşdirmək yolunda konkret mövqedə dayanıb”.





