Press "Enter" to skip to content

İctimai nəzarətin təşviqi imkanları müzakirə edilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Sentyabrın 8-də “İctimai nəzarətin təşviqinə yönələn imkanlar” mövzusunda ictimai dinləmə təşkil olunub. “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirib.

Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.

Məlumata görə, ictimai dinləmədə millət vəkilləri, dövlət orqanlarının nümayəndələri ictimai iştirakçılıq və nəzarət məsələləri üzrə ixtisaslaşmış QHT-lər, müstəqil ekspertlər, hüquqşünaslar iştirak ediblər: “İctimai iştirakçılıq və nəzarət sahəsində pozitiv dəyişikliklər imkanları müzakirə edilib. Millət vəkilləri, dövlət orqanları, ixtisaslaşmış QHT-lər, ekspetlərin iştirakı ilə ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək müzakirə edilib, tövsiyyələr müəyyənləşdirilib”.

Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı layihənin icrası haqqında məlumat verib: “Layihənin maliyyələşdirilməsinə və icrasına dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin Milli QHT Forumuna təşkilati dəstəyə görə təşəkkür edib. Qeyd edib ki, layihə regionlarda ictimai fəallar, bələdiyyə üzvləri dövlət orqanları, QHT nümayəndələri, İctimai Şura üzvləri ilə müzakirələr, bölgələrdə ictimai rəy sorğusunun keçirilməsi, Türkiyə təcrübəsinin öyrənilməsi ilə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinin problemlərinin öyrənilməsi, çətinliklərin müəyyən edilməsi və islahatların aparılması üçün bütün maraqlı tərəflərlə razılaşdırılmış tövsiyyələrin verilməsidir: “Ümumiləşdirsək ictimai iştirakçılıq, ictimai nəzarətlə əlaqədar hərtərəfli diaqnostika, problemlərin aşkarlanması, islahat prioritetlərinin müəyyənləşdirilməsi və tövsiyyələrin verilməsidir. Bu layihə, həmçinin hazırda ciddi islahatlara zərurət olan ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək, yanaşmanı dəyişmək üçün çoxtərəfli səyləri əks etdirir”.

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Allahverənov, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva müzakirələrdə iştirak edərək mövzu, islahatlar, çətinliklərin həlli yolları, yeni ideyalar barədə öz fikirlərini bölüşüblər.

Layihə eksperti Zaur İbrahimli ictimai rəy sorğusunun nəticələrini və əvvəlki dəyirmi masa müzakirələrinin ümumi yekunlarını təqdim edib. Bildirib ki, 229 respondentin ictimai iştirakçılıq və vətəndaş nəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələri göstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır.

Hüquqşünas Pərvin Quliyeva isə ictimai iştirakçılıq və nəzarət sahəsində Türkiyənin təcrübəsindən uğurlu nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda S.Bənənyarlı məlumat verib ki, İctimai dinləmənin yekun sənədi hazırlanacaq, dövlət orqanlarına və bütün maraqlı tərəflərə təqdim ediləcək. Layihə çərçivəsində keçirilən sorğunun nəticələri, Türkiyə təcrübəsi ilə əlaqədar təqdimat açıq resurslarda ictimaiyyətə təqim olunacaq.

Mission News Theme by Compete Themes.