BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədrinin müavini Serdar Ünsal Ermənistanın paytaxtı İrəvanda yerləşən Göy Məsciddə müsəlmanlara ibadət hüququnun verilməsi çağırışını edib.
Bu barədə o özünün sosial şəbəkə hesabında paylaşım edib.
S.Ünsal Vandakı Akdamar kilsəsində illərdir ayin keçirildiyinə diqqət çəkərək, eyni hüququn müsəlmanlara da tanınmalı olduğunu bildirib: “Biz də İrəvandakı Göy Məsciddə bir Cümə günü namaz qılıb dua etmək istəyirik. Daha əvvəl müraciət etmişdik, amma qəbul edilməmişdi. İndi isə Ermənistanla yeni açılım, sərhəd qapılarının açılması və Azərbaycanla imzalanan sülh sazişi gündəmdədir. Bu şəraitdə gözləntimiz odur ki, Ermənistan rəhbərliyi Göy Məsciddə ibadətimizə icazə versin.”
S.Ünsal, Akdamar nümunəsini xatırladaraq deyib: “Akdamarda ayinlərin keçirilməsi üçün illərlə kampaniyalar aparıldı. Eyni həssaslıq Ermənistan sərhədlərində yerləşən türk-islam abidələri üçün də göstərilməlidir. Dünyanın müxtəlif yerlərindən müsəlmanlar mübarək günlərdə Göy Məsciddə ibadət etmək istəsələr, Ermənistan Türkiyənin göstərdiyi dözümlülüyü göstərə biləcəkmi? Televiziyalarımız müqəddəs gecələrdə dünyanın müxtəlif məscidlərindən yayımlar edir. Biz Göy Məsciddən də belə yayımların olmasını arzulayırıq. Əgər Ermənistan həqiqətən səmimidirsə, buna icazə verməlidir. Biz İrəvana gedib Göy Məsciddə namaz qılmaq istəyirik.”





