BAYRAQDAR MEDİA – Türkiyədə “Resmi Gazete”də dərc edilən Cümhurbaşqanı qərarına əsasən, 1 yanvar 2026-cı il cümə axşamı günü bəzi ictimai nəqliyyat xətləri pulsuz fəaliyyət göstərəcək. Bu çərçivədə Ankarada Başkentray yeni ilin ilk günündə vətəndaşlara ödənişsiz xidmət göstərəcək.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Məlumata görə, müvafiq qərarın əlavəsində aşağıdakı ifadələr yer alıb:“1 yanvar 2026-cı il cümə axşamı günü Başkentray, Marmaray, İZBAN, Sirkeci–Kazlıçeşmə relsli sistem xətti və Gayrettepe–İstanbul Hava Limanı–Arnavutköy metro xəttinin reyslərindən istifadə edəcək şəxslər, 8 yanvar 2002-ci il tarixli və 4736 saylı Qanunun 1-ci maddəsinin birinci hissəsinin müddəalarından azaddırlar.”
Məlumatda deyilir ki, dərc edilən qərara əsasən, 1 yanvar 2026-cı il cümə axşamı, yəni yeni ilin ilk günündə Ankarada fəaliyyət göstərən Başkentray gün ərzində pulsuz olacaq: “Vətəndaşlar bu ictimai nəqliyyat xəttindən istifadə etdikləri zaman hər hansı ödəniş etməyəcəklər. Sözügedən tətbiq həmin günün sonunadək qüvvədə olacaq. Eyni zamanda, İstanbul və İzmir şəhərlərində də qərarda adı çəkilən ictimai nəqliyyat xətləri pulsuz xidmət göstərəcək. Bələdiyyələrin istismarında olan digər ictimai nəqliyyat xətlərinin 1 yanvar 2026-cı il cümə axşamı günü pulsuz olması ilə bağlı qərarların isə müvafiq bələdiyyələr tərəfindən qəbul edilməsi tələb olunur”.





