BAYRAQDAR MEDİA – Dahi Azərbaycan bəstəkarı, türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Ü.Hacıbəylinin adı verilib”.
Qeyd edək ki, 23 dekabrda Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Ü.Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə sözügedən Mərkəzin Ü.Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.





