BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo həsrətində” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, səhnə tərtibatı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşada əməkdar artistlər Ş.Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər”.
Sonra xəbərdə, “səhnə əsərində əsas obrazlar Vladimir və Estraqon bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir. Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir” deyə bildirilir.





