Press "Enter" to skip to content

İki strateji xəttin qovuşması

Əkbər Qoşalı

Son yeniləmə: 16 Fevral 2026

Əkbər Qoşalı: Prezident İlham Əliyevin Serbiyaya yeni rəsmi səfəri iki suveren dövlətin – öz gücünə arxalanan Azərbaycanın və siyasi iradəsini qorumağı bacaran Serbiyanın – strateji baxışlarının qovuşduğu bir mərhələnin təsdiqidir

BAYRAQDAR MEDİA – “Serbiya böyük təbii sərvətlərə malik olmayan, amma siyasi liderlik və iqtisadi islahatlarla inkişaf modelini qurmağı bacaran bir ölkədir. Azərbaycan isə enerji və geosiyasi imkanlarını strateji tərəfdaşlığa çevirərək Avropa məkanında yeni enerji arxitekturasının önəmli oyunçusuna çevrilib. Bu iki xətt Belqradda kəsişir, daha doğrusu, qovuşur”.

Bunu Beynəlxalq Alaş Mükafatı laureatı Əkbər Qoşalı deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin Serbiyaya yeni rəsmi səfəri iki suveren dövlətin – öz gücünə arxalanan Azərbaycanın və siyasi iradəsini qorumağı bacaran Serbiyanın – strateji baxışlarının qovuşduğu bir mərhələnin təsdiqidir: “Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas xətt “dostluq” sözünün sentimental çalarından çox, “dövlət marağı” anlayışının rasional çərçivəsidir. Serbiyanın suverenlik uğrunda tarixi mübarizəsinə verilən qiymət, əslində, Azərbaycanın öz Zəfərsonrası siyasi fəlsəfəsinin də diplomatik ifadəsidir: bu, dövlət marağının öncəliyinin ifadəsidir”.

Ekspert vurğulayıb ki, iki ölkə arasında energetika sahəsində işbirliyi – qaz ixracının artımı, birgə elektrik stansiyası layihəsi, 2032-cu ilə qədər əlavə 8 giqavat güc planı – artıq sırf iqtisadi çərçivəyə sığmır; bu, təhlükəsizlik və qarşılıqlı asılılıq modelidir. Bu, Balkanların Qafqaza uzanan yeni sinerjisidir: “Bundan başqa Azərbaycan və Serbiya beynəlxalq platformlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu qarşılıqlılıq diplomatik etikadan çox, prinsipial mövqedir”.

Əkbər Qoşalı əlavə edib ki, hər iki prezidentin son görüşdəki bəyan etdiyi fikirlərdə dostluğun davamlı olmasına xüsusi vurğu edilib: “Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiçin fevralın 15-də Belqradda mətbuata Azərbaycan Prezidenti ilə birgə bəyanatı zamanı “Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir” deyib. A.Vuçiç onu da qeyd edib ki, tərəflər arasında 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəsi əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. O, strateji tərəfdaşlıq sayəsində Serbiyanın Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurduğunu xüsusi olaraq bəyan edib və bildirib ki, ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir”.

Müsahibimizin sözlərinə görə, öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin bəyan edib ki, onun rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək: “Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etdiyini deyən dövlət başçısı əmin olduğunu bildirib ki, bu il bir neçə dəfə görüş olacaq. Cənab İlham Əliyev onu da əminliklə vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Dövlət başçısı həmçinin “Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu”! deyə bəyan edib. Göründüyü kimi, ürəkdən gələn bu sözlər iki xalqın siyasi iradəsinin və strateji tərəfdaşlığının şüarlaşmış formasıdır”.

Ə.Qoşalı deyib ki, Bakı ilə Belqrad arasında qurulan xətt emosional yaxınlıqdan daha çox, dövlətçilik şüurunun harmoniyasıdır. Və bu harmoniya – necə deyərlər, təsadüflərin yox, planın təcəllisidir.

Mission News Theme by Compete Themes.