BAYRAQDAR MEDİA – Azərbaycan yenə də dünya gündəmindədir. Bu dəfə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın başçılığı altında keçirilən Sülh Şurasının ilk toplantısında diqqətlər təkrardan Azərbaycana çevrilib.
Donald Tramp özünün geniş çıxışında dəfələrlə Azərbaycan haqqında təqdirlə danışıb, özəlliklə də Prezident İlham Əliyevin barəsində xoş sözlər işlədərək onu dünyaya yaxşı örnək kimi təqdim edib.
ABŞ vitse-prezidenti Cey Di Vens də çıxışı zamanı Azərbaycan Prezidenti haqqında xoş sözlərini və təşəkkürünü dilə gətirib.
Yəni göründüyü kimi, dünyanın nizamını dəyişəcək və yenidən şəkilləndirəcək qurumun ali toplantısında Azərbaycan, onun Prezidenti diqqət mərkəzindədir, üstəlik də təqdirlə adı çəkilir, haqqında danışılır.
Bu durum özəlliklə Moskvadan yallanan antimilli ünsürləri və onların havadarlarını, əlbəttə ki, narahat etməli idi…
Ona görə də bu vətən xainləri Prezident İlham Əliyevin qaldığı hotelə zorla soxulmağa, qanqaraçılıq yaratmağa çalışıblar.
Xəbərlərə və görüntülərə görə, Vaşinqtonda bir neçə nəfərdən ibarət olan antimilli ünsür bütün hədləri aşaraq Azərbaycan Prezidentinin qaldığı hotelə hücum edib, öz ağıllarınca “etiraz” aksiyası keçirməyə cəhd göstərib. Əsli-soyu şübhəli olan bu ünsürlər sadəcə hansısa etiraz şüarları səsləndirsə idi, bəlkə də məsələnin üzərindən keçmək olardı. Amma görünən odur ki, bunlar çox aqressiv davranıb, üstəlik də ədəbsiz ifadələrə yer veriblər.
Sağ olsun Prezidentin mühafizə xidməti! Cəmiyyətin bu atıntılarını anında zərərsizləşdirib, onlara dünyanın neçə bucaq olduğunu başa salıblar. Bu işdə mühafizəçilərə ABŞ polisləri də yardımını əsirgəməyib. Yəni təxribat alınmayıb!
Amma!
Amma işin ən maraqlı tərəfi budur ki, bu antimilli ünsürlərin “etiraz” aksiyasını gecə boyu Amerika Erməni Milli Komitəsi (ANCA) və onun təbliğat uzantıları gen-bol yayaraq Azərbaycana qarşı çağırışları təşviq edib.
ANCA-nın bu təbliğatında tanış simalara da rast gəldik. Özəlliklə də konqresmenlər Frənk Pallone və Laura Fridmən gecəni yata bilməyib, Azərbaycana yüklənmək üçün fürsəti əldən buraxmayıb…
Hər şeyi bir yana qoyaq. Şəxsən mən heç vaxt istəməzdim ki, öz dövlətimlə bağlı hansısa addımımı millətimə qənim kəsilən düşmən fürsətə çevirsin. Amma bu “etirazçı” antimilli ünsürlər bunun üçün həvəslə şərait yaradırlar.
Şərait yaradırlar? Bəlkə elə aldıqları tapşırığı icra edərək Azərbaycan dövlətini, onun rəhbərini gözdən salmaq planları olub? Məncə də elədir!
Bu ünsürlər ömrü boyu antimilli mövqedə olmaqla bir tərəfdə Moskvaya (Vaşinqtonda peyda olmaları heç kimi çaşdırmasın – A.H.), digər tərəfdə də ermənilərə işləyirlər. Onların bütün çalışmaları məhz bizə qarşı olanların dəyirmanına su tökmək üçündür! Suyu də elə-belə tökmürlər!
Bu ünsürlər öz ruhunu şeytana satmış, Vətənə arxa çevirərək xəyanət etmiş adamlardır! Onların, iddia etdikləri kimi, Azərbaycanda insan haqları dərdi yoxdur, olmayıb da! Onların tək dərdi anti-Azərbaycan mərkəzlər üçün xammal istehsal etmək, günü-gündən beynəlxalq səviyyədə möhkəmlənən dövlətimizi gözdən salmaqdır!
Amma alınmadı, alınan da deyil! Çünki Azərbaycan xalqı 7-dən 77-yə bir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin arxasındadır, olmağa da davam edəcək!
Gəlin bir daha deyək ki, milçək bir şey deyil, sadəcə könül bulandırır. Bunlar o milçəklər idi, könül bulandırmaq istədilər. Amma unudurlar ki, çaxçax nə qədər baş ağrıtsa da dəyirman öz işindən qalmır…





