BAYRAQDAR MEDİA – Iğdırda havaların isinməsi ilə birlikdə baharın ən mühüm müjdəçilərindən sayılan leyləklər yuva qurmağa başlayıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, şəhərdə bu il qış mövsümü əvvəlki illərlə müqayisədə daha sərt və uzun keçib: “Şiddətli şaxtalar və qar yağışı səbəbindən təbiətdə canlanma geciksə də, son bir həftədir müşahidə olunan günəşli hava leyləklərin bölgəyə dönüşünü sürətləndirib. Uzun sürən qış şəraiti səbəbilə köçəri quşların bölgəyə gəlişi gecikmişdi. Lakin temperaturun artması ilə leyləklər hər il olduğu kimi yenidən öz köhnə yuvalarına qayıdaraq onların təmir və bərpasına başlayıblar. Elektrik dirəkləri, hündür ağaclar və binaların dam örtükləri üzərində ciddi hərəkətlilik müşahidə olunur”.
Məlumata əsasən, kameralara əks olunan görüntülərdə leyləklərin dimdikləri ilə budaq və ot parçaları daşıyaraq yuvalarını möhkəmləndirdiyi görünür: “Xüsusilə səhər saatlarında artan yuva qurma fəaliyyəti təbiətsevərlərin diqqətini cəlb edir. Iğdır Ovası mikroiqlim xüsusiyyəti sayəsində bir çox quş növünə ev sahibliyi edir. Baharın gəlişi ilə yalnız leyləklər deyil, müxtəlif köçəri quş növləri də bölgəyə qayıtmağa başlayıb”.





